CƏMİYYƏT
Daxili işlər orqanlarının əməkdaşları Novruz bayramı ərəfəsində qaçqın və məcburi köçkünlərə yardım etmişlər
Bakı, 15 mart (AZƏRTAC). Bütün bayramlarda olduğu kimi, xalqımızın çoxəsrlik milli adət-ənənələrini özündə əks etdirən, ən əziz bayramlarımızdan olan Novruz ərəfəsində-martın 15-də respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun başçılığı ilə Daxili İşlər Nazirliyinin (DİN) təmsilçiləri Sabirabad rayonundakı Şəhriyar düşərgəsində müvəqqəti sığınacaq tapmış qaçqın və məcburi köçkünlərlə görüşmüşlər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, polis general-leytenantı Əsgər Ələkbərov respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun qarşıdan gələn əlamətdar bayram münasibətilə təbriklərini və xoş arzularını doğma yurd-yerlərindən didərgin düşmüş insanlara çatdıraraq bu kateqoriyadan olan soydaşlarımızla sıx təmasların qurulmasının, onların qayğı və problemlərinə daim diqqətlə yanaşılmasının əsasının hələ ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulduğunu, bu ənənənin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini məmnunluqla xatırlatmışdır.
Nazir müavini dövlətimizin başçısının bütün vətəndaşların, xüsusilə qaçqın və məcburi köçkünlərin problemlərinə həmişə xüsusi diqqət və qayğı ilə, həssaslıqla yanaşmağı bütün dövlət qurumlarının rəhbərlərindən tələb etdiyini diqqətə çatdırmış, sosial müdafiəyə ən çox ehtiyacı olan həmin insanların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün görülən tədbirlərdən, daxili və xarici siyasət, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində əldə olunmuş bir sıra uğurlardan danışmışdır. Bu gün Azərbaycanın regionda lider dövlətə çevrildiyini, dünyada gedən bütün məsələlərlə bağlı öz prinsipial sözünü dediyini, iqtisadi potensialımızın, hərbi qüdrətimizin durmadan artdığını xatırladan nazir müavini ölkəmizin öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcəyi barədə dövlətimizin başçısının qətiyyətli mövqeyini bir daha diqqətə çatdırmışdır. O, əlverişli kriminogen durum, cinayətkarlıqla mübarizə və ictimai qaydanın qorunması istiqamətində qazanılmış uğurlar, son günlər ordumuza qarşı müstəqilliyimizə qənim kəsilmiş, respublikamızın güclənməsini gözləri götürməyən maraqlı dairələrin apardıqları çirkin təxribat barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Nazir müavini ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin torpaqlarımızın işğaldan azad ediləcəyi, qaçqın və köçkünlərin əzəli yurd yerlərinə qayıdacaqları ilə nəticələnəcəyinə əminliyini bildirmişdir.
Görüş iştirakçıları daimi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmiş, Azərbaycan Prezidenti İlham Əliyevin siyasətini dəstəklədiklərini qeyd etmişlər.
Sonra respublika daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 64,5 min manatın 40 min manatı Sabirabadda məskunlaşmış həmvətənlərimizə çatdırılmışdır.
Bundan əlavə, sözügedən vəsaitin qalan 24,5 min manatı isə elə həmin gün Goranboy rayonunun Ağcakənd qəsəbəsində yaşayan qaçqın və məcburi köçkün soydaşlarımıza göndərilmişdir.