İQTİSADİYYAT
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq dünyada ÜDM-in 1,5-4 faizi qədər resurs tələb edir
Bakı, 15 sentyabr, AZƏRTAC
Aparılan hesablamalar göstərir ki, Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq dünyada ÜDM-in 1,5-4 faizi qədər resurs tələb edir. Məhz biznes strukturlarının dayanıqlı inkişaf sahəsində dövlət təşəbbüslərinə cəlb edilməsinin vacibliyi də bununla izah edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Auditorlar Palatasının sədri Vahid Novruzov deyib.
O qeyd edib ki, DİM-də informasiya əlçatanlığı, məlumatların toplanması, monitorinqi və hesabatlılıq Dİ üçün ən mühüm elementlər kimi dəyərləndirilir.
Ümumiyyətlə isə IFAC-ın məlumatına görə 17 DİM-in 8-i mühasibat uçotu, hesabatlılıqla və o cümlədən auditlə birbaşa əlaqədardır. Başqa sözlə, mühasiblər və auditorlar DİM-nin reallaşmasında mühüm rola malikdirlər. Bununla yanaşı, mühasibat uçotunun və auditin də korporativ dayanıqlı inkişafın yeni tələblərinə uyğun olaraq transformasiyası bu günün tələbləri sırasındadır. Məhz mühasibat uçotu və auditin birbaşa təsiri ilə Dİ-ın təhsilin keyfiyyəti, gender bərabərliyi, ləyaqətli əmək və iqtisadi artım, məsuliyyətli istehlak və istehsal, bərabərsizliyin azaldılması, təhlükəsizlik, iqlim dəyişikliyi, ekosistemin qorunması, sülh və ədalət, güclü institutların yaradılması və əməkdaşlıq kimi DİM reallaşa bilər.
Aparılan tədqiqatlar onu da göstərir ki, mühasiblər və auditorlar - Maliyyə hesabatları təqdim və təsdiq edilərkən DİM üzrə mövcud durum barədə öz mülahizələrini təqdim etmək, şirkətləri DİM-ni şərtlərini yerinə yetirməyə həvəsləndirmək və təşviq etmək, ətraf mühitin mühafizəsinə və sosial məsuliyyətə dair idarəetmənin məlumat bazasını formalaşdırmaq kimi məsələlərin həllində vacib rola malikdirlər.
Eyni zamanda auditorların və mühasiblərin məsuliyyətinin artırılması da günün vacib məsələlərindəndir. Bütün bunlar isə öz növbəsində mühasibat uçotu və audit sahəsində kadr hazırlığı prosesinə DİM nöqteyi-nəzərindən yenidən baxmağa və köklü dəyişikliklərin edilməsi məsələsini gündəmə gətirir.
"DİM ölkənin 2030-cu ilədək milli inkişaf prioritetlərində nəzərə alınmışdır. Belə ki, Prezidentin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: iqtisadi inkişafa dair Milli Prioritetlərdə növbəti onillikdə reallaşdırılmalı olan beş milli prioritetin demək olar ki, hamısı Dİ təminatına yönləndirilib. Milli prioritetlərin realizasiyası məqsədilə hazırlanmış “2022-2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyası” DİM-in həyata keçirilməsində xüsusi əhəmiyyət kəsb edir. Digər mühüm nailiyyət kimi 2023-2026-cı illəri əhatə edən Dayanıqlı Maliyyə üzrə AMB tərəfindən hazırlanmış Yol Xəritəsini göstərmək olar", - deyə Palata sədri qeyd edib.