İQTİSADİYYAT
Dəmir yollarında işarəvermə və rabitə sistemi modernləşdirilir
Bakı, 27 noyabr, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC-də işarəvermə və rabitə sistemi modernləşdirilir.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, son vaxtlar ölkədə polad magistralının modernləşdirilməsi istiqamətində bir sıra mühüm layihələr həyata keçirilir. İşarəvermə və rabitə sisteminin modernləşdirilməsi bu işlərin tərkib hissəsindən biridir.
Dəmir yollarının avtomatlaşdırılmış işarəvermə sisteminin mikroprosessor əsasında vahid dispetçer mərkəzindən idarə edilməsi ilə əvəzlənməsi işləri davam edir. Bu sistemə qatarların hərəkətinə monitorlar vasitəsilə texniki və vizual nəzarət olunması, hərəkət heyəti ilə birbaşa rabitə əlaqəsinin yaradılması, nasazlığı dərhal aşkara çıxaran təhlükəsizlik cihazlarının quraşdırılması, dəmir yolu-avtomobil keçidlərinin tam avtomatlaşdırılması daxildir.
Modernləşmə işləri mərhələlərlə həyata keçirilir. 1-ci mərhələdə Bakı-Böyük Kəsik sahəsində işarəvermə və rabitə avadanlıqlarının modernləşməsi istiqamətində Böyük Kəsik, Soyuq Bulaq, Salahlı, Poylu, Ağstafa, Tatlı, Tovuz, Qovlar, Zəyəm, Şəmkir, Dəllər, Alabaşlı, Gəncə (13 stansiyada) stansiyalarında və mənzillərdə mikroprosessor avadanlıqlarının hamısı təmir olunan otaqlarda qurulub, montaj olunub, optik lifli kabelləri qoyulub, stansiya çöl avadanlıqları, işıqforlar quraşdırılıb.
Gəncə stansiyasından başqa digər on iki stansiyada avadanlıqlarda test yoxlamaları yekunlaşdırılıb, layihəyə əsasən işarəvermə-mərkəzləşmə-bloklama qurğuları quraşdırılıb.
Böyük Kəsik-Gəncə sahəsində 7 ədəd KTSM (hərəkət tərkibində qızmış buksları aşkar edən qurğu) postu tikilib, avadanlıqlar quraşdırılıb, 27 ədəd qorunan keçid inşa edilib, çöl avadanlıqları quraşdırılıb, rabitə sahəsi üzrə FOK-48 tipli kabel qoyulub.