İQTİSADİYYAT
Dəmir yolunun Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsi sentyabrın 15-də istifadəyə veriləcək
Bakı, 14 iyul, AZƏRTAC
Dəmir yolunun Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsi bu ilin sentyabr ayının 15-dən etibarən sərnişinlərin istifadəsinə veriləcək.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov AZƏRTAC-a bildirib ki, dəmir yolunun Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 2015-ci ilin mart ayının 3-dən başlayan əsaslı təmir işləri sentyabr ayının 15-ə kimi yekunlaşaraq sərnişinlərin istifadəsinə veriləcək.
Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.
Təmir işləri tam başa çatdıqdan sonra “Sladler Rail Group” şirkətindən alınan “KİSS” markalı ikimərtəbəli elektrik qatarları xəttə buraxılacaq və sərnişinlərin Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.
“Stadler Rail Group” şirkətinin «Stadler Minsk» zavodunda istehsal olunmuş iki ədəd KİSS markalı ikimərtəbəli elektrik qatarları may ayında Azərbaycana gətirilib. Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin yüksəkkeyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes sinfinə aiddir.