CƏMİYYƏT
Deputat: Gəncədə yeni müəssisələrin istifadəyə verilməsi həm də vətəndaşların işlə təmin olunması deməkdir
Bakı, 7 fevral, AZƏRTAC
Prezident İlham Əliyev Gəncədə AZƏRTAC-a verdiyi müsahibəsində şəhərdə əhalinin xidmətində dayanacaq müəssisələrin coğrafiyasının genişləndiyini bildirdi. Qeyd etdi ki, Gəncədə ikinci “ASAN xidmət” mərkəzi açıldı. Bu onu deməyə əsas verir ki, əhalisinin sayı üç yüz mindən çox olan şəhərin sakinlərinə xidmətin səviyyəsinin yüksəldilməsi vətəndaş məmnunluğunu təmin edəcək. Gəncədə Dövlət Dram Teatrının yeni binasının açılışı, böyük idman sarayının tikintisi şəhərin təkcə abadlaşdırılması istiqamətində görülən işlər deyil, həm də Zəfərdən sonra aparılan işlərin bilavasitə milli-mənəvi dəyərlər, gənc nəslin daha sağlam formalaşması niyyəti ilə bağlılığın təzahürüdür. Gəncədə yeni müəssisələrin istifadəyə verilməsi həm də vətəndaşların işlə təmin olunması deməkdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib.
Deputat Vətən müharibəsində Azərbaycan Ordusunun döyüşdə mühüm qələbələr qazandığı zaman düşmənin Gəncəni, Tərtəri, Bərdəni atəşə tutduğunu xatırladıb. Deyib ki, bu, Azərbaycan xalqının qələbə ruhunu azalda bilməzdi. Düşmənin dinc əhaliyə qarşı yönələn bu vəhşiliyi müharibə cinayəti idi. Dünya mediasının nümayəndələri bu müharibə cinayətini öz gözləri ilə görüb və lentə alıblar. Ermənistan silahlı birləşmələrinin Gəncədə törətdikləri müharibə cinayətləri barədə çoxları bilir. Münaqişə bölgəsindən kilometrlərlə uzaqda olan ərazilərin kaset bombalarla hədəfə alınması nə beynəlxalq hüquqa, o cümlədən Ermənistanın 1993-cü ildə ratifikasiya etdiyi Cenevrə konvensiyalarına və onların əlavə protokollarına, nə müharibə əxlaqı kodeksinə, nə də heç bir mənəvi müstəviyə uyğun deyildi. Azərbaycan isə müharibənin ilk günündən heç bir halda mülki əhaliyə atəş açmır, yalnız legitim hərbi hədəfləri zərərsizləşdirir, qisasını döyüş meydanında alırdı. Amma düşmənin törətdiyi dəhşətli terror aktları nəticəsində Gəncədə 26 nəfər həlak oldu, 175 nəfər yaralandı, çoxsaylı mülki infrastruktur obyektinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi. Ümumilikdə Ermənistan hakimiyyətinin tapşırığı əsasında Gəncə və digər ərazilərə raket hücumları nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak oldu, 454 mülki şəxs yaralandı.
“Vətən müharibəsində ermənilərin dağıtdığı ərazidə Gəncə Memorial Kompleksinin təməli qoyuldu. Dövlətimizin başçısı bunun həm Vətən müharibəsinə, həm qazanılan Zəfərə, həm də şəhidlərin xatirəsinə böyük ehtiram olduğunu bildirdi. Eyni zamanda, vurğuladı ki, faşistlərin qəhrəmanlaşdırılmasına imkan vermək olmaz və buna son qoyulmalıdır. Prezident qətiyyətlə diqqətə çatdırdı ki, erməni faşizminin bundan sonra baş qaldırmasına heç cür heç vaxt imkan vermək olmaz” , - deyə deputat bildirib.
Yeni istifadəyə verilən Gəncə lokomotiv deposunun əhəmiyyətindən danışan S.Xasayeva qeyd edib ki, bu deponun istismarı enerji resurslarına qənaətə, xərclərin azalmasına, təmir və texniki xidmətin optimallaşdırılmasına, fasiləsiz daşımaların təmin olunmasına imkan yaradacaq. “Azərbaycan Hökuməti ilə Fransa İnkişaf Agentliyinin birgə maliyyəsi hesabına inşa edilən Gəncə lokomotiv deposunun açılışında bildirildi ki, əsas təmir zonasında eyni vaxtda 6 lokomotivə xidmət etməyə imkan verən ikimərtəbəli platforma mövcuddur. Yeni depo sifariş edilmiş bütün dəyişən cərəyanlı lokomotivlərə fasiləsiz olaraq texniki xidmət göstərmək qabiliyyətindədir və burada 75 nəfər işlə təmin olunacaq.
Gəncə lokomotiv deposu ABŞ, Almaniya, İngiltərə, Hollandiya, İtaliya, Türkiyə, Koreya Respublikası, Çin, Rusiya və bir sıra digər ölkələrin istehsalı olan müasir avadanlıq və cihazlarla təchiz olunub. Həmçinin depo ərazisində 350 ədəd günəş paneli quraşdırılıb ki, bu da enerjiyə olan tələbatın bir hissəsini qarşılamaq imkanı yaradır”, - deyə deputat əlavə edib.