İQTİSADİYYAT
Deputat: Neftin dünya bazarında qiymətinin yüksəlməsi Azərbaycanın valyuta gəlirlərini artırır
Bakı, 8 sentyabr, AZƏRTAC
Dünya bazarında neftə tələbin yenidən artması müşahidə edilir. Artıq 1 barel “Brent” markalı neftin qiyməti 72 dollardan baha satılır. Bir müddət öncə “OPEC+” ölkələri nazirlərinin gündəlik xam neft hasilatının hər ay 400 min barrel artırılmasına, 5,8 milyon barrel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına razılıq verməsinə baxmayaraq “qara qızıl” dəyər qazanmaqdadır.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, neft istehlakında xüsusi payı olan ölkələrdə neftə tələbin artması qiymətlərə təsirsiz ötüşmür. Çin ötən ay gündəlik 10,5 milyon barel neft idxal edib. Bu isə əvvəlki aya nisbətən 8 faiz çoxdur. Hindistan daxil olmaqla digər idxalçı ölkələrdə də neftə tələbin artması qeydə alınır. “Bloomberg” agentliyinin məlumatına görə, dünyada 5,56 milyard dollar peyvənd dozası istifadə edilib. Gündəlik 37,3 milyon doza peyvəndləşmə həyata keçirilir. Bütövlükdə, dünya əhalisinin 36,2 faizi artıq vaksinasiya olunub. Qlobal peyvəndləşmə səviyyəsinin yüksəlməsi də neftə tələbin artmasına təsir göstərməkdədir.
“Neftin dünya bazarında qiymətinin yüksəlməsi enerji məhsulları ixrac edən ölkələrin və eləcə də, Azərbaycanın valyuta gəlirlərini artırır. Belə ki, bu ilin ilk yarısında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə Azərbaycan neft ixracatı həcmini azaltsa da, satışdan əldə edilən gəlirlərdə artımlar qeydə alınıb. Sözügedən dövrdə ölkəmiz 5 milyard 743 milyon dollar dəyərində 13 milyon 545 min ton xam neft ixrac edib. Xam neft ixracının həcmi 11,7 faiz azalsa da, əldə edilən vəsait 404 milyon 137 min dollar və ya 7,6 faiz artıb. Qeyd edək ki, Azərbaycanda gündəlik xam neft hasilatının gələn aydan daha 7 min barel artıraraq 640 min barelə çatdıracaq.
Bu arada Rusiyanın aparıcı neft şirkəti 1 barel neftin məqbul qiymətinin 65-75 dollar intervalında arzuolunan olduğunu bəyan edib. Aşağı qiymət gəlirlərə təsir etsə də, daha yüksək qiymətlər qlobal neft şoklarına səbəb ola bilər. 2014-cü ildəki Qlobal Neft Şoku da məhz qiymətlərin kəskin artması nəticəsində baş verdi. Bu baxımdan, neft ölkələri üçün yüksək deyil, məqbul qiymətlər arzuolunandır”, - deyə V.Bayramov diqqətə çatdırıb.