İQTİSADİYYAT
Deputat: Torpaqlarımız işğaldan azad olunduqdan sonra müasir nəqliyyat infrastrukturu formalaşdırılır
Bakı, 4 sentyabr, AZƏRTAC
Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən qısa müddət sonra işğaldan azad olunan ərazilərimizdə infrastrukturun, xüsusən də nəqliyyat şəbəkəsinin qurulmasına başlanılıb. Kifayət qədər intensiv həyata keçirilən infrastruktur işləri artıq bir sıra strateji nəqliyyat layihələrinin yaxın zamanlarda istifadəyə verilməsini mümkün edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, 101 kilometr uzunluğu olan Zəfər yolunda işlər sürətlə davam etdirilir. Artıq xeyli zamandır ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə həmin yol ilə səfərlər təşkil olunur. Yaxın gələcəkdə istifadəyə veriləcəyi gözlənilən 124 kilometrə yaxın uzunluğu olan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yolu Zəngəzur dəhlizinə müasir standartlara uyğun avtomobil yolu ilə çıxış imkanı deməkdir. Azərbaycanda hazırda avtomobil yollarının uzunluğu 19 min 228 kilometrdir. Onlardan 7 min kilometrə yaxını asfalt yollardır. Respublika əhəmiyyətli yolların uzunluğu 4577 kilometr və bu yolların 94 faizi asfalt-beton örtüklü yollardır. Uzun müddət işğal altında qalan ərazilərimizdə isə 4498 kilometr avtomobil yolu demək olar, tamamilə dağıdılmışdı. Torpaqlarımız işğaldan azad olunduqdan sonra artıq müasir nəqliyyat infrastrukturu formalaşdırılır. Bu infrastruktur həmin ərazilərimizin iqtisadi potensialının daha tez reallaşmasına və məskunlaşma prosesinin intensivləşməsinə xüsusi töhfə verəcək.