SİYASƏT
DİALOQ VƏ ƏMƏKDAŞLIQ UĞRUNDA İSLAM KONFRANSI GƏNCLƏR FORUMU XOCALI SOYQIRIMI İLƏ BAĞLI KAMPANİYAYA BAŞLAMIŞDIR
Ankara, 21 fevral (AZƏRTAC). İslam Konfransı Təşkilatının (İKT) üzv qurumu olan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏİKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan olunmuş “Xocalıya ədalət” beynəlxalq məlumat və təşviqat kampaniyası başlanmışdır. Kampaniya çərçivəsində ilk tədbir İstanbulun “Taksim” metrostansiyasının sərgi salonunda Xocalı ilə bağlı uşaqların çəkdiyi şəkillərdən və kampaniyaya qoşulmuş xarici ölkə gənclərinin fotoşəkillərindən ibarət sərginin açılışı olmuşdur.
Açılış mərasimində çıxış edən ölkəmizin İstanbuldakı baş konsulu Səyyad Aran, İKT Gənclər Təşkilatının sədri və Türkiyə Baş nazirinin müşaviri Əli Sarıkaya, Osmanlı Arxivləri İdarəsinin şöbə müdirü Öndər Bayır kampaniyanın əhəmiyyətindən bəhs etmiş, əsrlər boyu Türkiyə və Azərbaycanda qətliamlar törətmiş erməniərin iç üzünün beynəlxalq aləmdə açılmasının vacibliyini vurğulamışlar. İstanbul sakinləri və şəhərin qonaqları sərgiyə böyük maraq göstərmişlər.
Kampaniya çərçivəsində təkcə Türkiyədə deyil, Avropanın bir sıra şəhərlərində də Azərbaycan və Türkiyənin diaspor təşkilatlarının yaxından iştirakı ilə sərgilər təşkil olunacaqdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri Ankara
######