CƏMİYYƏT
“Digital Youth Hub - 2019” layihəsinin icrasına yekun vurulub
Bakı, 25 dekabr, AZƏRTAC
Bakı Gənclər Mərkəzində “Digital Youth Hub – 2019” layihəsinin bağlanış mərasimi təşkil olunub. Azərbaycan Respublikası Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən reallaşdırılan layihənin yekun tədbirində iştirakçılar, təşkilatçı və tərəfdaş qurumların nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəhbəri Rəvanə Həşimova tədbirdə çıxış edərək layihənin ölkəmizdə rəqəmsal sahədə mütəxəssislərin yetişdirilməsinə təkan verəcəyini bildirib. O, layihənin hazırda ən çox tələb olunan sahələrdən birini əhatə etdiyini və gənclərin karyerasını bu sahədə qurmalarının vacibliyini qeyd edib. R.Həşimova artıq layihə iştirakçılarının bəzilərinin bu sahədə işə başlamasının əlamətdar hadisə olduğunu vurğulayıb.
Layihənin təlimçiləri çıxışlarında əmək bazarında rəqəmsal mütəxəssislərə tələbatdan danışıblar. Onlar layihənin iştirakçıları arasında yüksək potensiala malik gənclərin gələcəkdə ölkənin aparıcı rəqəmsal mütəxəssisləri olacaqlarına inandıqlarını bildiriblər.
Sonra “Digital Youth Hub – 2019” layihəsinin iştirakçıları təltif ediliblər və onlar tərəfindən hazırlanan komanda işlərinin təqdimatı keçirilib.
“Digital Youth Hub” layihəsi gənclərin rəqəmsal bilik və bacarıqlara yiyələnmələri üçün nəzərdə tutulmuş uzunmüddətli təlim və təcrübə proqramıdır. Ümumilikdə 50 gəncin qatıldığı layihə 2019-cu ilin oktyabr-dekabr aylarını əhatə edib. Bu müddətdə gənclər rəqəmsal marketinq sahəsini əhatə edən və ölkənin aparıcı mütəxəssisləri tərəfindən tədris olunan 14 təlim kursunda iştirak ediblər. İştirakçılar həmçinin bir sıra dövlət və özəl qurumlarda təcrübə proqramına qatılıblar.