ELM VƏ TƏHSİL
DİLLƏR UNİVERSİTETİNDƏ “DİLÇİLİYİN VƏ DİLLƏRİN TƏDRİSİNİN AKTUAL PROBLEMLƏRİ” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, noyabrın 9-da Azərbaycan Dillər Universitetində “Dilçiliyin və dillərin tədrisinin aktual problemləri” mövzusunda beynəlxalq konfrans işə başlamışdır.
ABŞ, Rusiya, Gürcüstan, Azərbaycan və digər ölkələrin dilçi alimlərinin iştirak etdikləri konfransda universitetin prorektoru, dosent Natiq Yusifov demişdir ki, tədbirin keçirilməsindən əsas məqsəd dilçiliyin və dillərin tədrisinin aktual problemləri ilə bağlı fikir mübadiləsi aparmaq, dilçiliyin bir elm kimi inkişafının son nailiyyətlərini müzakirə etməkdir. Bildirmişdir ki, bu ali təhsil ocağında dünyanın 11 dili tədris edilir, bu dillərin öyrədilməsi ilə 25-dən artıq kafedra məşğul olur.
Təhsil Nazirliyi elm şöbəsinin müdiri Asəf Zamanov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor İsmayıl Məmmədov tədbirin əhəmiyyətindən, dilçiliyin elmi-pedaqoji kadrların hazırlanmasındakı rolundan danışmış, konfransın işinə uğurlar arzulamışlar.
Moskva Dövlət Dillər Universitetinin professoru Andrey Bondarovun “Ferdinand - de Sössür və ədəbiyyat nəzəriyyəsinin bəzi məsələləri”, Gürcüstan Təhsil Elmləri Akademiyasının professoru Baris İmnadzenin “Funksional qrammatika və xarici dillərin öyrənilməsi prosesində onun rolu”, professor Fəxrəddin Veysəllinin “Azərbaycan dilində sözlərin ikizirvəlilik nəzəriyyəsinə dair”, professor Adil Babayevin “Azərbaycanda nitq mədəniyyəti: dünən, bu gün və sabah” mövzularında məruzələri dinlənilmiş, müzakirələr aparılmışdır.
Konfrans noyabrın 10-da işini davam etdirəcəkdir.