DÜNYA
Diş həkimi Amur pələnginin dişini müalicə etmişdir
Bakı, 25 oktyabr (AZƏRTAC). Amerikalı diş həkimi Duq Lyuten Kunali ləqəbli Amur pələnginin dişini müalicə etmişdir. Müalicə Alyaska ştatının zooparklarının birində həyata keçirilmişdir.
Yeddiyaşar Kunalinin diş həkiminin köməyinə ehtiyacı vardı. Belə ki, vəhşi dişini sındırmışdı və bu da heyvanda xoşagəlməz hisslər əmələ gətirirdi. Təqribən 136 kiloqramlıq pələngə müalicədən əvvəl yuxu dərmanı verilmiş və bu da həkim Duq Lyutenin yaxşı işləməsinə imkan yaratmışdır.
Pələngin dişinin kökündə aparılan əməliyyat təqribən bir saat çəkmişdir. Diş həkimi etiraf etmişdir ki, bu diş mənim indiyədək gördüyüm dişlərdən ən böyüyüdür. Kunalinin dişinin uzunluğu səkkiz santimetr idi.
Bu zooparkda əvvəllər də pələngin, Sibir porsuğunun, canavarın, bəbirin, ağ ayının dişləri müalicə olunmuşdur.
Amur pələngi Qırmızı kitaba düşən heyvanlardandır. Hazırda dünyanın zooparklarında 400-dən çox belə heyvan saxlanılır.