DNEPR SAHİLLƏRİNDƏ GÖRÜŞ
Görüşdə ölkələrimiz arasında həm ümumdövlət, həm də regional səviyyələrdə iqtisadiyyat, mədəniyyət, elm, idman sahələrində əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanmışdır.
Həmin gün Dnepropetrovsk şəhər kitabxanasında Səməd Vurğunun 100 illiyi münasibətilə Ukrayna dilində nəşr olunmuş “Azərbaycan poeziyası antologiyası” ikicildliyinin təqdimat mərasimi keçirilmişdir. Gecəni aparan Ukrayna DİN-in Hüquq Akademiyasının məzunu, Vilayət Ədliyyə İdarəsinin aparıcı mütəxəssisi Fazilə Zeynalzadə, Türkiyənin Dnepropetrovskdakı fəxri konsulu İqor Xanin, şəhər merinin müavini İrina Zaytseva, Ukrayna Yazıçılar İttifaqının üzvü, tərcüməçi-şair, antologiyanın tərtibatçısı Nikolay Miroşniçenko, Ukrayna Azərbaycanlıları Konqresi Dnepropetrovsk regional təşkilatının sədri Qüdrət Hacıyev, iş adamları Hafiz Aslanov, Nəriman Məmmədov, Fəxrəddin Muxtarov, Oqtay Babayev, Etibar Tağıyev və başqaları nəşri iki qardaş xalq arasında ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsinə mühüm töhfə kimi qiymətləndirmişlər.
Dnepr sahillərində görüş vilayətin və diasporumuzun ən yaxşı peşəkar və özfəaliyyət kollektivlərinin iştirakı ilə Dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş konsert proqramı ilə başa çatmışdır.