SİYASƏT
Doktor Eray Güclüer: Fransa senatının qərarı və Taksimdəki terror aktı eyni mahiyyətli təzyiq vasitələridir
Aksaray, 17 noyabr, AZƏRTAC
Azərbaycan və Türkiyənin birlikdə yürütdükləri Qafqaz siyasətinin yaratdığı yeni geosiyasi vəziyyətdən ciddi narahatlıq keçirən imperialist qüvvələr etirazlarını müxtəlif formalarda həyata keçirlər. Bu anlamda Fransa senatının Azərbaycana qarşı məlum qətnaməsi və İstanbulda törədilən son terror hadisəsi eyni mahiyyətlə ortaya çıxmış aksiyalardır.
Bu fikirləri türkiyəli hərbi ekspert, ehtiyatda olan polkovnik, Altınbaş Universitetinin əməkdaşı, doktor Eray Güclüer AZƏRTAC-a müsahibəsində söyləyib.
Zaman-zaman Qafqaz və Anadolu bölgəsi başda olmaqla müxtəlif qitələrdə istismarçılıq həyata keçirən ölkələrin dünyada yeni bir güc mərkəzinin formalaşmasından böyük təlaş keçirdiklərini diqqətə çatdıran doktor Eray Güclüer deyib: “Müasir dövrdə böyük güclər sanksiyalardan açıq, terror və münaqişələr yaratmaqdan isə gizli bir vasitə kimi istifadə etməklə öz istismarçı mövqelərini qorumağa çalışırlar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycanın Ordusunun Qarabağda qazandığı tarixi Zəfər, Türk Dövlətləri Təşkilatının təsis edilməsi, Türkiyənin Suriyada sərgilədiyi qətiyyət, bundan başqa Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyəni enerji mərkəzinə çevirmək siyasəti dünya güclərinin imperialist maraqlarını pozmağa başlayıb. Belə olan təqdirdə Azərbaycan və Türkiyəyə qarşı açıq və gizli formalarda təzyiqlərin baş verəcəyi gözlənilən idi. Lakin Azərbaycan və Türkiyə başda olmaqla türk dövlətlərinin sülh və inkişaf siyasətinə qarşı olan tərəflər başa düşməlidirlər ki, artıq dünya dəyişib. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı kimi qurumlar Avropa ölkələrinin müstəmləkə siyasətinə qiymət verməyə başlasalar hazırda dünyada günbəgün dərinləşən böhran bir göz qırpımında çıxılmaz həddə çata bilər”.
Qarabağ Zəfərindən sonra regionda yaranmış yeni vəziyyətin bütün tərəflər üçün məqbul olduğunu diqqətə çatdıran doktor Eray Güclüer əminliklə bildirib ki, əgər kənar təsir amilləri olmasa bölgədə sülh və inkişaf konsepsiyasının əldə olunması olduqca asan və mümkündür. Çünki region ölkələri yaxşı başa düşürlər ki, hazırda Azərbaycan və Türkiyə bütün göstəricilərə görə, otuz il əvvəlkindən fərqli bir gücdə, müstəqil siyasət yürüdürlər. Hər kəs bu vəziyyətlə barışıb sülh yolu tutmağa məcburdur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Aksaray