ELM VƏ TƏHSİL
Dördüncü “Elektron təhsil” və “Bir şagird-bir kompyuter” respublika müsabiqələrinin qalibləri mükafatlandırılmışlar
Bakı, 24 avqust (AZƏRTAC). Təhsil Nazirliyi tərəfindən keçirilən IV “Elektron təhsil” və “Bir şagird-bir kompyuter” respublika müsabiqələri qaliblərinin mükafatlandırılması mərasimi olmuşdur.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, hər iki müsabiqə üzrə bütün layihələr onlayn qaydada təqdim edilmişdir. İştirakçılar www.musabiqe.edu.az səhifəsindən qeydiyyatdan keçərək öz işlərini müsabiqəyə göndərmişlər. Müsabiqəyə təqdim olunan işlər münsiflər heyəti tərəfindən onlayn qaydada qiymətləndirilmişdir.
“Elektron təhsil” müsabiqəsinin məqsədi Azərbaycanın təhsil sistemində informasiya texnologiyalarının daha geniş istifadəsini stimullaşdırmaq və müəllimlərin bu sahəyə marağını artırmaqdır.
“Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli”, “Təhsildə internet resursları” və “Müəllimlərin bloqları” nominasiyaları üzrə keçirilən müsabiqəyə 781 layihə təqdim olunmuşdur.
Müsabiqənin hər üç nominasiyası üzrə qaliblərə diplomlar, noutbuklar, netbuklar, printerlər və digər xüsusi mükafatlar təqdim olunmuşdur. Qaliblərlə yanaşı, müsabiqədə fərqlənmiş digər 24 iştirakçıya da müxtəlif hədiyyələr verilmişdir.
“Bir şagird-bir kompyuter” müsabiqəsinin əsas məqsədi Təhsil Nazirliyi tərəfindən alınmış 200 ədəd netbukun daha səmərəli istifadə etməyə hazır olan müəllimlər və məktəblər arasında bölüşdürülməsini təmin etməkdən ibarətdir. Yalnız II-VI siniflərdə dərs deyən müəllimlərin qatıldıqları müsabiqəyə 206 layihə təqdim edilmişdir.
Müsabiqənin birinci mərhələsinə 140 iştirakçının layihəsi qəbul edilmişdir. Ekspert komissiyasının seçimi əsasında ikinci mərhələyə buraxılmış 30 layihədən 9-u qalib gəlmişdir.
Müsabiqədə qalib gəlmiş müəllimlərin sinif otağı Təhsil Nazirliyi tərəfindən Azərbaycan Təhsil Şəbəkəsinə qoşulacaq, noutbuk, proyekotr, elektron lövhə və şagirdlərin sayına uyğun netbuklarla təchiz ediləcəkdir.