SİYASƏT
DOSTLARIN GÖRÜŞÜ
Murmansk, 21 fevral (AZƏRTAC). Ümumrusiya Azərbaycanlılar Konqresinin Murmansk vilayət bölməsinin ofisində bu təşkilatın fəalları ilə qəhrəman şəhər Murmanskın merinin birinci müavini Valentin Zisserin görüşü səmimi şəraitdə keçmişdir.
Ümumrusiya Azərbaycanlılar Konqresinin Murmansk vilayət bölməsinin sədri Afil Hüseynov hörmətli qonağı salamladıqdan sonra V.Zisser onlarca millətin nümayəndələrinin yaşadığı şəhərdə sosial-iqtisadi vəziyyət barədə məlumat vermişdir. Yerli hakimiyyətin rəhbəri qarşıya çıxan məsələlərin həllində Azərbaycan diasporu ilə qarşılıqlı fəaliyyət, bu Şimal diyarının inkişafına həmvətənlərimizin verdiyi töhfə barədə xoş sözlər söyləmişdir. Görüş iştirakçılarının, o cümlədən sahibkarlıqla məşğul olan Mirkamal Əliyev, Amil Vəliyev, Sadiq Salmanov, Elşad Osmanov, Azad Əliyev, Vüsal İbrahimov və başqalarının suallarına cavab verilmişdir.
V.Zisser bu görüşün yekunlarını jurnalist Əlihüseyn Şükürov ilə söhbətində şərh edərək demişdir:
-Mən həyatım boyu keçmiş Sovet İttifaqının çox guşələrində, o cümlədən Naxçıvanda və Bakıda da olmuşam. Azərbaycanlılar arasında çoxlu dostlarım və tanışlarım var. Yeri gəlmişkən, mənim həyat yoldaşım əslən Bakıdandır. Bu mənada bizim ailədə Azərbaycana xüsusi münasibət bəslənilir. Əslində Murmansk sakinlərinin çoxu bu fikirdədir. Bu gün təkcə Vilayət mərkəzindəki Azərbaycan diasporunun 15 minə yaxın üzvü var. Onlar şəhərin ictimai-siyasi və iqtisadi həyatına fəal təsir göstərirlər. Biz hamımız istəyirik ki, ümumi evimiz sayılan Murmansk daha da gözəlləşsin.