SİYASƏT
DOSTLUQ FESTİVALI
Murmansk, 20 fevral (AZƏRTAC). Murmansk vilayətində milli mədəniyyətlərin əsl bayramına çevrilmiş üçüncü “Dostluq festivalı” böyük uğurla keçmişdir. 14 milli cəmiyyətin, mərkəzin və birliyin, o cümlədən Azərbaycan diasporunun nümayəndələri bir-birini təbrik edir, yaradıcılıq hədiyyələri bəxş edirdilər.
O axşam Murmansk vilayət mədəniyyət sarayının səhnəsindən ən azı on dildə “İşiniz avand olsun!” sözləri səsləndi. Lakin zaldakı tamaşaçıların hər biri bu sözlərin mənasını başa düşürdü. Bayram şənliyi çox rəngarəng və səmimi təşkil edilmişdi. Özfəaliyyət artistlərinin əynindəki əlvan kostyumlar, onların səmimi çıxışları bənzərsiz bir ab-hava yaratmışdı. Əsas məqsəd baş tutdu: həmrəylik və birlik hissləri tam təzahür etdi. Zalda bütün yerlər tutulmuşdu. Tamaşaçılar milli cəmiyyətlərin nümayəndələrini ürəkdən alqışladılar.
Mədəniyyət və incəsənət komitəsinin sədri Sergey Yerşov festivalın iştirakçılarını və qonaqlarını Murmansk vilayət qubernatoru Yuri Yevdakimovun adından salamlayaraq, Kola yarımadasındakı çoxmillətli qütb şəhərində müntəzəm keçirilən bu cür görüşlərin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi: “Çox yaxşı haldır ki, bizdə bu cür bayramlar var, belə şənliklərdə sülh, dostluq və məhəbbət şəraitində hər kəs öz incəsənətini başqaları ilə bölüşmək imkanı əldə edir”.
Çıxışlar başa çatandan sonra “Dostluq festivalı” iştirakçılarının ifasında səslənən himnin nəqəratı bayramın əsl devizi təsiri bağışlayırdı: “Biz nə qədər müxtəlif olsaq da, əlbirik!”.
Bayram şənliyi kafedə davam etdirildi. Buraya gələnlərə milli xörəklər təklif olunurdu. Ümumrusiya Azərbaycanlılar Konqresi Murmansk vilayət bölməsinin rəyasət heyətinin üzvü, Texniki Universitetin tələbəsi Vüsal İbrahimov bu festivalın keçirilməsi imkanı yaradanlara təşəkkür etdi, sonra isə qəhrəman şəhər Murmanskın 18 nömrəli məktəbinin şagirdi, Səbinə Məmmədova milli rəqs ifa etdi.