DÖVLƏT BAŞÇILARININ GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 4-də “Riqa” qəsrində təkbətək görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Vayra Vike-Freyberqanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilmişdir.
Xanım Vayra Vike-Freyberqa Azərbaycan Prezidenti İlham Əliyevi bir daha səmimiyyətlə salamlayaraq, Latviyaya dövlət səfəri etməsindən olduqca məmnun qaldığını söylədi, bu səfərin Azərbaycanla Latviya arasında ikitərəfli münasibətlərin inkişafından xəbər verdiyini bildirdi. Azərbaycana bir il bundan əvvəl etdiyi rəsmi səfərini xatırladan Latviya Prezidenti yaddaşında onun uğurlu səfər kimi qaldığını xüsusi vurğuladı. Həmin səfərin bəhrəsinin getdikcə daha çox hiss edildiyini bildirən xanım Vayra Vike-Freyberqa üstündən bir il keçdikdən sonra ikitərəfli münasibətlərdə əldə olunan nəticələri müzakirə və təhlil etmək baxımından dövlətimizin başçısının indiki səfərinin böyük əhəmiyyət daşıdığını söylədi.
Prezident İlham Əliyev ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Prezident Vayra Vike-Freyberqaya minnətdarlığını bildirdi və dedi ki, Azərbaycan Prezidenti kimi mən, olkələrimiz arasında olan əlaqələrə və onların hərtərəfli inkişafına xüsusi önəm verirəm. Çünki Latviya NATO-nun və Avropa Birliyinin üzvüdür, Avropaya inteqrasiya sahəsində təcrübə əldə edib və Azərbaycan bu təcrübədən faydalana bilər.