SİYASƏT
DÖVLƏT BAŞÇISININ QARABAĞA, QARABAĞLILARA DİQQƏT VƏ QAYĞISININ YENİ TƏZAHÜRÜ
Bakı, 1 sentyabr (AZƏRTAC). Xəbər verildiyi kimi, Prezidentin Ehtiyat Fondundan “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin mənzil-qərargahının əsaslı təmiri və zəruri avadanlıqla təchiz edilməsi məqsədi ilə iki milyon manat məbləğində vəsait ayrılmışdır.
İcmanın rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov demişdir ki, Prezidentin Sərəncamı, ictimai birliyimiz üçün mənzil-qərargahın ayrılması dövlətimizin başçısının Qarabağa, qarabağlılara diqqət və qayğısının daha bir təzahürüdür. Bu, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və azərbaycanlıların öz doğma yurdlarına qayıtması istiqamətində həyata keçirilən tədbirlərdə ictimai birliyimizin roluna verilən qiymətdir. Hamımız bu Sərəncamı minnətdarlıq hissi ilə qarşıladıq. Bu qayğı və diqqəti əməli fəaliyyətimizlə doğrultmaq üçün səyimizi əsirgəməyəcək, yaradılmış şəraitdən istifadə edərək icmadaxili və beynəlxalq ictimaiyyət arasında genişmiqyaslı fəaliyyətimizi daha səmərəli quracağıq.
Məlum olduğu kimi, 65 min nəfərdən çox adamı birləşdirən icmamız ilk qurultayını keçirmiş, qurum “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” kimi keyfiyyətcə yeni, təşkilati baxımdan möhkəmlənmiş ictimai birliyə çevrilmiş, onun idarəetmə strukturları yaradılmışdır. Bu strukturlar üçün konkret fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir. Bunlar tariximiz və mədəniyyətimizlə, icmadaxili məsələlər, beynəlxalq əlaqələr, hüquqi təminat və insan hüquqları ilə bağlıdır. İnformasiya və ictimaiyyətlə əlaqələrə xüsusi diqqət yetiririk. Belə ki, münaqişənin tarixi kökləri və onun həlli ilə bağlı Prezidentimizin apardığı genişmiqyaslı tədbirlər barədə əhalini müntəzəm məlumatlandırırıq. Beynəlxalq rəyin Azərbaycanın xeyrinə formalaşması üçün internet resurslarından daha geniş və səmərəli istifadə etmək məqsədi ilə bu yaxınlarda öz veb-səhifəmizi açacağıq.
Bizim üçün ayrılmış mənzil-qərargah işlərimizi daha səmərəli görməyə, müəyyənləşdirdiyimiz fəaliyyət istiqamətlərini reallaşdırmağa imkan verəcəkdir. Dövlətimizin başçısına “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinə göstərdiyi diqqət və qayğı üçün minnətdarlığımızı bildiririk.