REGİONLAR
Dövlət Bayrağı Günü əsgər və zabitlərlə birlikdə qeyd olunub
Tovuz, 10 noyabr, AZƏRTAC
Tovuz Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən Dövlət Bayrağı Günü münasibətilə keçirilən silsilə tədbirlər davam edir.
AZƏRTAC xəbər verir ki, növbəti tədbir N saylı hərbi hissədə keçirilib. İctimaiyyət nümayəndələrinin, əsgər və zabitlərin iştirak etdiyi tədbirdə çıxış edənlər bildiriblər ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.
Sonra rayon mədəniyyət və turizm şöbəsi tərəfindən hazırlanan konsert proqramı təqdim olunub. Yerli müğənnilərin ifasında səslənən mahnılar əsgər və zabitlərdə xoş ovqat yaradıb.