REGİONLAR
“Dövlət Baytarlıq Xidmətinə heyvanların identifikasiyası və təsərrüfatların qeydiyyatı milli sisteminin hazırlanmasına dəstək” tvinninq layihəsi konsepsiyasının hazırlanması başa çatır
Bakı, 14 fevral (AZƏRTAC). Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Dövlət Baytarlıq Xidmətinə heyvanların identifikasiyası və təsərrüfatların qeydiyyatı milli sisteminin hazırlanmasına dəstək” tvinninq layihəsi konsepsiyasının hazırlanması 2 ay ərzində başa çatacaqdır. Konsepsiya hazır olduqdan sonra Azərbaycan hökumətinə təqdim ediləcəkdir.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər.
Diqqətə çatdırılmışdır ki, bu layihə Azərbaycandakı heyvanların, dövlət baytarlıq nəzarəti obyektlərinin qeydiyyata alınmasına, hər bir heyvan haqqında lazım olan bütün məlumatların toplanmasına xidmət edir. Heyvanların sağlam olması sağlam qida, əhalinin sağlam yaşaması deməkdir. Layihə ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcəkdir.
Pilot olaraq bir sıra təsərrüfatlarda 500-ə yaxın atın, 300 iribuynuzlu və 500 xırdabuynuzlu heyvanın identifikasiyası aparılmışdır.