ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzinin Gəncə regional bölməsi işçi qəbulu elan edir
Bakı, 10 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) Gəncə regional bölməsi məsləhətçi vakant vəzifəsinə işçi qəbulu elan edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, müsahibədə iştirak üçün müraciət edən namizədlər vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidirlər. Vəzifə funksiyalarına:
-imtahanların təşkili və keçirilməsi ilə əlaqədar təşkilati tədbirlərin həyata keçirilməsi;
-imtahan keçirilməsi yerlərinin bazasının yaradılması, onun zənginləşdirilməsi və istifadəsi, qəbul edilmiş sxemə uyğun onların hazırlanması;
-regional bölməyə daxil olan sənədlərin, eləcə də vətəndaşlardan daxil olan müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi;
-lokal kompüter şəbəkələrinin qurulması və istismarı, servis və tətbiqi proqram vasitələrinin istismarı və inkişaf etdirilməsi;
-marker müəllim bazasının yaradılması və bazanın işlənmə mexanizmini həyata keçirmək, yazı işi yoxlama proseslərinin təşkili və təkmilləşdirilməsi daxildir.
Namizədlər kompüter elmləri, informasiya texnologiyaları, proseslərin avtomatlaşdırılması ixtisasları üzrə ali təhsilli olmalıdır. İş stajına dair tələb müəyyən edilmir. Kompüter biliklərinə dair tələblərə MS Windows, MS Office, internet (yüksək səviyyədə) daxildir. Namizədlər ingilis dilini orta, rus dilini yüksək səviyyədə bilməlidir.
Dövlət İmtahan Mərkəzində çalışmaq arzusunda olan namizədlər müraciət formasını mövzu bölməsində iddia olunan vəzifə və struktur bölmənin adı qeyd olunmaqla [email protected] ünvanına fevralın 21-dək göndərə bilərlər.
Müsahibə proqramı, müsahibəyə hazırlaşmaq üçün ədəbiyyat siyahısı DİM-in saytının “Mərkəz”>“Vakansiyalar” bölməsində yerləşdirilib.
Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə sertifikatı olan şəxslərə üstünlük veriləcək. Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.