SİYASƏT
DÖVLƏT MİQRASİYA XİDMƏTİNDƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XATİRƏSİ EHTİRAMLA YAD EDİLMİŞDİR
Bakı, 12 dekabr (AZƏRTAC). Dekabrın 12-də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov başda olmaqla xidmətin əməkdaşları Fəxri Xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın müdrik rəhbəri, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə tər güllər düzmüşlər.
Xidmətdən bildirmişlər ki, ulu öndər Heydər Əliyevin vəfatının altıncı ildönümünə həsr olunmuş anım mərasimi DMX-nin Heydər Əliyev Muzeyində davam etdirilmişdir.
Mərasimdə dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu Heydər Əliyevin müasir Azərbaycanın tarixində rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat verilmişdir.
Qeyd edilmişdir ki, şərəfli və mənalı ömür yolunun 34 ilini ölkəmizin rəhbəri kimi xalqının tərəqqisinə həsr etmiş ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmış, xalqı həqiqi müstəqilliyə qovuşduraraq, ictimai şüurda əbədiyaşarlıq hüququ qazanmışdır. Azərbaycan xalqının ən parlaq simalarından biri olan qüdrətli şəxsiyyət Heydər Əliyevin obrazı millətimizin dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin təcəssümüdür.
Bildirilmişdir ki, Heydər Əliyevin dahiliyi, siyasi idarəçilik təcrübəsi, dövlətçiliyin təməl prinsiplərinə dərindən bələd olması və siyasi fəaliyyəti boyu həmin prinsiplərə istinad etməsi bu fenomenal şəxsiyyətin uzaqgörənliyini, müdrikliyini, ən ekstremal vəziyyətlərdə yeganə doğru qərar qəbul etmək bacarığını və qələbələrini şərtləndirən amillərdəndir.
Azərbaycan xalqının təsəllisi - ulu öndərin müəllifi olduğu və bizə əmanət etdiyi Azərbaycan dövlətinin varlığı və bu dövlətin onun siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etməsidir. Bu gün ölkəmizin inkişaf xəttinə öz töhfələrini verən hakimiyyətin bütün qolları məhz Heydər Əliyev siyasi kursunu rəhbər tutur, bu kursun uğurla həyata keçirilməsi üçün İlham Əliyevə yardımçı olmağa çalışır. Danılmaz faktdır ki, Azərbaycan dövlətinin müstəqilliyini quran və yaşadan ulu öndər Heydər Əliyevin adı qəlbimizdə yaşayacaq və müstəqilliyimiz qədər əbədi olacaqdır.