CƏMİYYƏT
Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 7820 müraciət daxil olmuşdur
Bakı, 2 noyabr (AZƏRTAC). Dövlət Miqrasiya Xidmətinin (DMX) ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin oktyabr ayı ərzində xidmətə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 7820 müraciət daxil olmuşdur. Bu müraciətlər ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlıdır.
Müraciətlərin hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilmişdir.
DMX-nın əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozması hallarının aşkar edilərək qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilmişdir. Nəticədə 1101 əcnəbinin inzibati qanunvericiliyin tələblərinin pozması halları müəyyən edilmiş, onlardan 168 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılmış, 717 əcnəbi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərk etmə, 216 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilmişdir.
Miqrasiya sahəsinə dövlət nəzarətinin gücləndirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.