CƏMİYYƏT
Dövlət Miqrasiya Xidmətinə yeni qəbul olunmuş əməkdaşlar üçün tədris kursuna start verilib
Bakı, 15 aprel, AZƏRTAC
Miqrasiya orqanlarına işə yeni qəbul edilən əməkdaşlar peşə hazırlığının yüksəldilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətinin (DMX) təlim-tədris mərkəzində təlimlərə cəlb olunublar.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, 15 günlük kursu qurumun kadrlar və kadr hazırlığı idarəsi ilə təlim-tədris mərkəzi birgə təşkil edir.
Kurs çərçivəsində namizədlərə “Miqrasiya siyasəti”, “Miqrasiya hüququna giriş”, “ASAN xidmət” mərkəzlərində Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin təşkili”, “Miqrasiya orqanlarının fəaliyyətində şəffaflığın qorunması”, “Miqrasiya sahəsində beynəlxalq əməkdaşlıq və perspektivlər”, “Əmək miqrasiyası”, “Qanunsuz miqrantların saxlanılması mərkəzləri”, “Sərhəd buraxılış məntəqələrində miqrasiya şöbələrinin fəaliyyəti”, “Azərbaycan Respublikasında qaçqın məsələləri və bu sahəni tənzimləyən qanunvericilik aktları”, “Vətəndaşlıq məsələlərinin araşdırılması və həlli”, “Readmissiya”, “İnsan alverinə qarşı mübarizə” və digər mövzularda mühazirə və seminarlar, o cümlədən praktiki məşğələlər təşkil olunur.
DMX-nin struktur bölmələrinin rəhbər vəzifə tutan işçiləri ilə yanaşı, bir sıra dövlət orqanlarının, o cümlədən Daxili İşlər Nazirliyi, Dövlət Statistika Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət İmtahan Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Əmək və Sosial Münasibətlər Akademiyasının əməkdaşları da tədris kursunun keçirilməsində yaxından iştirak edirlər.
Təlim prosesində mövzularla bağlı suallar cavablandırılır və fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi aparılır.