İQTİSADİYYAT
Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilmişdir
Bakı, 24 yanvar (AZƏRTAC). Yanvarın 24-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun (ÇQ) 2014-cü ildə ilk iclası keçirilmişdir.
ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, iclasda Azərbaycan Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə Qeyri-Hökumət Təşkilatları Koalisiyasını cari ildə ÇQ-də təmsil edəcək yeni üzvlər təqdim olunmuş, Yeni Memorandumun yekun layihəsinə dair koalisiyanın təklifləri səsləndirilmiş və təkliflər üzrə müzakirələr davam etdirilmişdir. Həmçinin gələcəkdə MHŞT hesabatlarını tutuşduracaq auditorun fəaliyyətini əks etdirən Şərtlər Toplusunun MHŞT Standartına uyğunlaşdırılmasına dair Mur Stefens şirkətinin rəyi dinlənilmiş və digər məsələlər ətrafında müzakirələr aparılmışdır.
MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür, neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur və MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və qurumun tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olmasına və bu sahədə əldə etdiyi nailiyyətlərə görə Azərbaycana “2009-cu il MHŞT mükafatı” təqdim edilmişdir.