İQTİSADİYYAT
Dövlət Neft Fondunun büdcə gəlirləri altı ayda 6493,6 milyon manat təşkil edib
Bakı, 21 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri bu ilin yanvar-iyun aylarında 6493,6 milyon manat, büdcə xərcləri isə 5163,1 milyon manat təşkil edib. Ötən 6 ayda fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 6374,8 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 6355,4 milyon manat, tranzit gəlirləri 4,4 milyon manat olub. Bu dövrdə Neft Fondunun vəsaitlərinin idarə olunmasından 118,8 milyon manat gəlir əldə edilib.
ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, hesabat dövrü ərzində fondun 2014-cü il büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 4883,8 milyon manat vəsait transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 177,3 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 11 milyon manat, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə 19,6 milyon manat vəsait sərf olunub. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 5,2 milyon manat vəsait yönəldilib. “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri üzrə yaradılmış səhmdar cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi məqsədilə Neft Fondundan 40 milyon manat vəsait ayrılıb. Altı ayda fondun idarə edilməsi ilə bağlı xərclər 26,2 milyon manat təşkil edib.
Fondun aktivləri ilin əvvəlinə nisbətən 4,86 faiz artaraq 37622,4 milyon ABŞ dollarına bərabər olub. Hazırda Neft Fondu tərəfindən alınmış qızılın miqdarı 30175 kiloqramdır.