İQTİSADİYYAT
Dövlət Neft Şirkətində İspaniya nümayəndə heyəti ilə görüş keçirilmişdir
Bakı, 24 aprel (AZƏRTAC). Aprelin 24-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) İspaniyanın xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsiya-Marqalyonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qonaqları salamlayan şirkətin prezidenti Rövnəq Abdullayev İspaniya nümayəndə heyətinin Azərbaycana səfərinin iki ölkə arasında münasibətlərin inkişafına yeni təkan verəcəyinə əminliyini ifadə etmişdir. O, son illər Azərbaycanın enerji sektorunda əldə etdiyi müvəffəqiyyətlər, yeni yataqların kəşfi, infrastrukturun yenilənməsi ilə bağlı həyata keçirilən tədbirlər barədə qonaqlara ətraflı məlumat vermişdir. Azərbaycanın qədim neft diyarı olduğunu və ölkə neftçilərinin dünya neft sənayesinə böyük töhfələr verdiyini diqqətə çatdıran Rövnəq Abdullayev Avropanın enerji təhlükəsizliyi konsepsiyasında Cənub Qaz Dəhlizi layihəsinin önəmini qeyd etmiş və layihənin gerçəkləşməsi istiqamətində görülən işlərdən danışmışdır. O, “Şahdəniz-2” layihəsinin Avropanın enerji təhlükəsizliyinə töhfə olacağını bildirmişdir.
Rövnəq Abdullayev son illər İspaniya şirkətləri ilə əlaqələrin yarandığını bildirmiş, “Texnicas Reunidas” şirkətinin ARDNŞ-in Türkiyədə inşa etdiyi STAR neft emalı zavodu üzrə elan olunmuş tenderdə qalib gəldiyini, eyni zamanda İspaniya “Eximbank”ının da həmin layihəyə cəlb olunduğunu nəzərə çatdırmışdır.
İspaniyanın xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsiya-Marqalyo ölkələrimiz arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsində enerji əməkdaşlığının əhəmiyyətli rol oynadığını vurğulamışdır. Azərbaycanın mühüm iqtisadi nailiyyətlər qazandığını söyləyən ispaniyalı nazir ölkəmizin neft-qaz sahəsində həyata keçirdiyi regional və qlobal layihələrin əhəmiyyətini yüksək qiymətləndirmişdir. Görüşdə iştirak edən “Texnicas Reunidas” şirkətinin rəhbəri ARDNŞ ilə əməkdaşlıqdan məmnunluq duyduqlarını bildirmiş, şirkətin son illər sürətlə genişlənərək, regionun güclü iqtisadi mərkəzlərindən birinə çevrilməsini qeyd etmişdir.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev İspaniya ilə əməkdaşlığın uğurlu inkişafı üçün yaxşı perspektivlərin olduğunu qeyd etmiş, əlaqələrin daha da möhkəmlənəcəyinə əmin olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, İspaniya nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində keçiriləcək biznes-forum əməkdaşlıq imkanlarının ətraflı müzakirə edilməsi baxımından mühüm rol oynayır. Görüşdə Azərbaycan və İspaniya arasında mövcud münasibətlər fonunda iqtisadi əməkdaşlığın genişləndirilməsinin zərurəti bir daha vurğulanmış, tərəfləri maraqlandıran digər məsələlərə də toxunulmuşdur.