CƏMİYYƏT
Dövlət Neft Şirkətinin kompleks tədqiqatlar laboratoriyası nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir
Bakı, 25 iyun (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin kompleks tədqiqatlar laboratoriyasında (KTL) İsveçrənin “İ.S.C. Ltd” şirkətinin nümayəndələri Sacha Sebbah və Marco Sciarra ilə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, görüşdə Ekologiya idarəsinin departament rəisi Məmməd Nəsibov ARDNŞ tərəfindən yerinə yetirilən ekoloji layihələr və təmsil etdiyi qurumun fəaliyyəti barədə söz açmışdır.
Bundan əlavə, qonaqlara müasir cihaz və avadanlıqlarla təchiz edilmiş KTL-nin imkanları, aparılan analitik tədqiqat işləri, göstərilən laboratoriya xidmətləri barədə ətraflı məlumat verilmişdir.
Sonra “İ.S.C. Ltd”nin maliyyə meniceri Sacha Sebbah çıxış edərək Azərbaycanda həyata keçirdikləri layihələrdə KTL-in göstərdiyi xidmətlərdən yararlanmaq niyyətlərini açıqlamışdır.
Görüşdə tərəflər arasında qarşılıqlı əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılmışdır.