İQTİSADİYYAT
Dövlət Proqramı uğurla yerinə yetirilir
Bakı, 7 fevral (AZƏRTAC). ARDNŞ-in “Аzəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Bakı şəhərində yerləşən və təbii qazla təmin olunmayan yaşayış məntəqələrinin tam qazlaşdırılması, istehlakçıların təbii qazla keyfiyyətli və dayanaqlı təmin olunması istiqamətində Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında qarşıya qoyulan tələblər uğurla yerinə yetirilir.
İB-dən AZƏRTAC-a bildirmişlər ki, Xətai rayonunun Əhmədli, H.Aslanov və digər qəsəbələrində istismara yararsız qaz xətləri təzələnmiş, yeni xətlər çəkilmiş, köhnə avadanlıq daha müasirləri ilə əvəzlənmişdir. İki qəsəbədə az müddət ərzində ümumilikdə 15,97 kilometr yeni qaz xətti çəkilmişdir. “Oksigen” küçəsində məcburi köçkünlərin məskunlaşdığı ərazinin, Əhmədli qəsəbəsi, “9-cu Əhmədli” və “Məhsəti” küçələrində qaz kəmərinin çəkilişi başa çatdırılmışdır. Həmçinin “Pivzavod” adlanan ərazinin istismara yararsız qaz xətlərinin yenidən qurulması tamamlanmış, “Naximov” küçəsindən “Zeytun” küçəsinə gedən aşağı təzyiqli qaz xəttinin yenidən qurulması və A.İsmayılov küçəsində yeni tikilinin ərazisinə düşən qaz xəttinin köçürülməsi işləri də başa çatdırılmışdır. Görülən işlərin nəticəsində rayonun “mavi yanacaq”la təminatı yaxşılaşmışdır.
Eyni zamanda, sayğacların dəyişdirilməsi istiqamətində də işlər davam etdirilir. Ötən il Xətai rayonu üzrə 15 min 154 qaz sayğacı “smart-kart” tipli yeni elektron qaz sayğacları ilə əvəz olunmuşdur.
Hazırda rayonun daha səkkiz yaşayış ərazisində qaz təminatının yaxşılaşdırılması məqsədi ilə yenidənqurma işləri davam etdirilir.