REGİONLAR
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edib VİDEO
Hacıqabul, 9 yanvar, Mahir Babayev, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.
AZƏRTAC xəbər verir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov yanvarın 9-da Hacıqabul şəhərindəki Heydər Əliyev Mərkəzində Hacıqabul, Salyan , Neftçala rayonlarından və Şirvan şəhərindən olan vətəndaşları qəbul edib.
Qəbula gəlmiş vətəndaşların müraciətləri əsasən Rusiya və digər xarici ölkələrin ərazisində müvəqqəti yaşamaları ilə bağlı onların adlarının yerli aqrar islahat komissiyasının səhvi ucbatından siyahıya salınmaması, mülkiyyətçilər arasında sərhəd mübahisəsi, torpaq islahatı ilə bağlı müvafiq sənədlər işlənib tərtib edilərkən adlarında, soyadlarında və s. müəyyən texniki qüsurlara yol verilməsi ilə bağlı olub.
Səyyar qəbul zamanı komitə sədri Qərib Məmmədov hər bir vətəndaşı diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
Qəbul zamanı qaldırılan məsələlərin bir çoxu yerindəcə həll edilib, komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə qeydiyyata alınaraq müvafiq orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.
Qəbulda, həmçinin bələdiyyə torpaqları ilə bağlı qəbul olunmuş yeni qanunvericilik aktları barədə bələdiyyə sədrlərinə və komitənin yerli struktur vahidlərinin əməkdaşlarına geniş şəkildə izahatlar verilib.