SİYASƏT
Dözümlülüyün Azərbaycan modeli dünya ölkələri üçün nümunədir
Bakı, 11 oktyabr (AZƏRTAC). Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədrinin dözümlülüyün təbliği üzrə şəxsi nümayəndələri Adil Axmetov, Endryu Beyker və xanım Ketrin Makginnes oktyabrın 11-də Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ilə görüşmüşlər.
AZƏRTAC xəbər verir ki, ölkəmizdə dözümlülüyün yüksək səviyyədə olduğunu qeyd edən B.Muradova demişdir ki, bu günlərdə ATƏT PA-nın Tiranada keçirilmiş payız sessiyasında multikulturalizm, dini dözümlülük, mədəniyyətlər və dinlərarası dialoqun gücləndirilməsi və s. vacib məsələlər müzakirə olunmuşdur. Azərbaycan nümayəndə heyəti ATƏT dəyərlərinin müzakirəsində və dünyada yayılmasında fəal iştirak edir. Bu bizim əməkdaşlığımızın bariz nümunəsidir.
Bildirilmişdir ki, Bakıda keçirilən mötəbər tədbirlərdə iştirak edən beynəlxalq təşkilatların nümayəndələri, siyasətçilər Azərbaycandakı dözümlülüyü, bütün dini təriqətlərin, icmaların nümayəndələrinə yaradılmış şəraiti yüksək qiymətləndirirlər. Azərbaycandakı müxtəlif dinlərin və xalqların nümayəndələri əsrlər boyu heç bir ayrı-seçkilik olmadan bir ailə kimi, sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşamış və bu gün də yaşayırlar. Əhalisinin 95 faizini müsəlmanlar, 4 faizini xristianlar və qalan hissəsini digər dinlərin nümayəndələrinin təşkil etdiyi Azərbaycanda milliyyətindən və dinindən asılı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqlarının bərabərliyinə təminat verən mütərəqqi hüquqi baza və müvafiq təsisatlar vardır. Azərbaycan parlamenti bu mühüm ənənənin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi üçün çalışır.
B.Muradova qeyd etmişdir ki, ölkəmizdə heç zaman dini zəmində münaqişə olmamışdır. Əfsuslar olsun ki, bu gün bəzi dairələr və siyasətçilər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dini don geyindirmək istəyirlər. Əslində isə bu dini, etnik münaqişə deyildir. Bu münaqişə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası əsasında başlamışdır və tarixən də belə olmuşdur.
Görüşdə, iştirak edən Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Rus icmasının sədri, xristian dininin nümayəndəsi Mixail Zabelin, yəhudi xalqının nümayəndəsi Yevda Abramov, ləzgilər adından Azər Badamov çıxış edərək ölkəmizdə ayrı-ayrı xalqlara, dini icmalara yaradılmış yüksək şərait barədə qonaqlara ətraflı məlumat vermişlər. Qeyd olunmuşdur ki, dünyanın heç bir ölkəsində dini icmalar üçün dövlət tərəfindən məscid, kilsə, sinoqoq və s. ibadətgah tikilmədiyi halda Azərbaycanda dövlət vəsaiti hesabına Avropa yəhudiləri və dağ yəhudiləri üçün sinaqoqlar tilkilib istifadəyə verilmiş, kilsə bərpa olunmuş və yenidən qurulmuşdur.
ATƏT sədrinin şəxsi nümayəndəsi Adil Axmetov missiyaları barədə məlumat verərək bildirmişdir ki, səfərin məqsədi ayrı-seçkiliyə yol verilməməsi, müxtəlif dinlər arasında münasibətlər və s. məsələlərə dair vəziyyəti öyrənməkdir. Nümayəndə heyəti Bakıdan Ermənistana gedəcək və səfərin yekunlarına dair hazırlayacağı hesabatı ATƏT-in Daimi Şurasına təqdim edəcəkdir.
ATƏT-in nümayəndələri Endryu Beyker və Ketrin Makginnes ölkəmizdə olduqları zaman apardıqları müşahidələrin, keçirdikləri görüşlərin Azərbaycanda millətlərin dinc və sabitlik şəraitində yaşadıqlarını, milli azlıqlar və dini icmalar arasında qarşılıqlı hörmət və etimadın olduğunu söyləməyə əsas verdiyini vurğulamışlar.
Qonaqlar Azərbaycanda dövlət orqanlarında müxtəlif millətlərin təmsil olunduğunu yüksək qiymətləndirmişlər. Qeyd olunmuşdur ki, dözümlülüyün Azərbaycan modeli dünya ölkələr üçün nümunədir və bu təcrübə hər yerdə təbliğ olunmalıdır.