CƏMİYYƏT
DSX-nin keçirdiyi uğurlu əməliyyatlar nəticəsində 22 kiloqramadək narkotik vasitə qaçaqmal qismində ələ keçirilib VİDEO
Bakı, 8 fevral, AZƏRTAC
Dövlət sərhədinin etibarlı mühafizəsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində son günlər Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən bir sıra uğurlu əməliyyatlar keçirilib. Nəticədə 21 kiloqram 775 qram narkotik vasitə, 261 ədəd psixortop həb və 175 ml narkotik tərkibli məhlulun dövlət sərhədindən qaçaqmal qismində qanunsuz keçirilməsinin qarşısı alınıb, bu cinayət əməllərinin iştirakçısı olan iki nəfər həbs olunaraq cinayət məsuliyyətinə cəlb ediliblər.
Dövlət Sərhəd Xidməti mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, üç halda İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 4 naməlum şəxsin qarşısı alınıb. Sərhəd pozucuları sərhəd naryadlarının qanuni əmrlərinə tabe olmayıb, qaçaqmalı sərhədboyu zolaqda ataraq geri qaçıblar. Belə ki, fevralın 3-də DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Alaşa kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində naməlum şəxsin hərəkəti müşahidə olunub və ona “Dayan” əmri verilib. Sərhəd pozucusu əlindəki bağlamaları əraziyə ataraq geriyə qaçıb. Ərazidə aşkarlanan 4 bağlamada 3 kiloqram 80 qram kokos, 1 kiloqram 55 qram tiryək, 105 qram marixuana, həmçinin 190 ədəd “Tramol 225” markalı həb, 175 ml “Mydrax” markalı narkotik tərkibli məhlul aşkarlanaraq götürülüb.
Fevralın 4-də DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində naməlum şəxsin qarşısı sərhəd naryadı tərəfindən alınıb. Sərhəd naryadı “Dayan” əmri verərək havaya xəbərdarlıq atəşi açıb. Lakin sərhəd pozucusu tabe olmayıb, əlindəki bağlamanı əraziyə ataraq geri qaçıb. Bağlamada 10 kiloqram 115 qram heroin və “Blow 2003 mini” markalı tapança aşkarlanıb.
Həmin gün Xidmətin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 2 naməlum şəxsin hərəkətini aşkar edən sərhəd naryadı tərəfindən “Dayan” əmri verilsə də sərhəd pozucuları tabe olmayaraq geriyə qaçıblar. Ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilib. Nəticədə iki çantanın içərisində 6 kiloqram 670 qram kokos, 390 qram kristal şəklində narkotik maddə olan heroin, 360 qram marixuana və 71 ədəd psixotrop həb götürülüb.
Narkotik vasitələrin sifarişçilərinin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində DSX-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 nəfər Azərbaycan Respublikasının vətəndaşı - Füzuli rayonunun Böyük Bəhmənli kənd sakinləri, 1976-cı il təvəllüdlü Həsənov Seymur İbiş oğlu və 1977-ci il təvəllüdlü İsmayılov Ramil Ulduz oğlu saxlanılıb.
Faktlarla bağlı müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.