SİYASƏT
DÜNYA AZƏRBAYCANLILARI KONQRESİNİN UKRAYNA BÖLMƏSİNİN SƏDRİ SEÇİLMİŞDİR
Kiyev, 16 may (AZƏRTAC). Mayın 16-da Kiyevdəki “Opera” hotelinin konfrans salonunda Dünya Azərbaycanlıları Konqresinin (DAK) Ukraynadakı bölməsinin təsis konfransı olmuşdur. Konfransda təşkilati məsələyə də baxılmışdır.
Konfransda DAK-ın rəhbərliyi və onun Azərbaycandan, RF-dən, İsveçdən, İrandan, Kanadadan və başqa ölkələrdən gəlmiş üzvləri, Ukrayna yanacaq və energetika nazirinin müavini Burzu Əliyev, Ukraynanın əməkdar nəqliyyat işçisi Elbrus Abdullayev, “Donbas Sənaye İttifaqı” korporasiyasının (Ukrayna) Azərbaycandakı nümayəndəsi Möhlət Hüseynov, Luqansk Şəhər Sovetinin deputatı Azad Vəliyev, professorlar Məmməd Bağırov və Əhməd Səmədov, Azərbaycanın Kiyevdəki səfirliyinin əməkdaşları, Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) nümayəndələri iştirak edirdi.
Ukraynanın və Azərbaycanın dövlət himnləri səslənmişdir. Sonra konfransın aparıcısı, Kiyev-Mogilyan Akademiyasının dosenti Fərhad Turanlı çıxış üçün sözü Milli Məclisin deputatı, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlıya vermişdir.
S.Rüstəmxanlı DAK-ın fəaliyyəti, onun tarixi, strukturu, məqsədləri və vəzifələri barədə məlumat vermişdir. O dost Ukraynada DAK-ın bölməsinin ləyaqətlə fəaliyyət göstərməsinin və Kiyevdəki diaspor təşkilatının rəhbərliyinin kadrlarla möhkəmləndirilməsinin vacibliyini qeyd etmişdir.
DAK Milli Şurasının üzvləri Əjdər Tağızadə və Rəhman Abbasov, habelə Burzu Əliyev və Məmməd Bağırov, Elbrus Abdullayev, Əhməd Səmədov və başqaları millətimizin xarici ölkələrdə, o cümlədən Ukraynada daha sıx birləşməsi perspektivlərinə münasibətlərini bildirmişlər.
Ukraynanın xalq deputatı, Ukrayna Ali Radasının “Ukrayna-Azərbaycan” dostluq qrupunun üzvü Pyotr Yuşşenko Azərbaycan Prezidenti İlham Əliyev ilə Ukrayna Prezidenti Viktor Yuşşenko arasında, iki ölkənin xalqları arasında səmimi dostluq münasibətlərini vurğulamış, Ukraynadakı yarım milyonluq Azərbaycan diasporunun böyük qüvvə olduğunu qeyd etmişdir. GUAM-ın Jurnalist Tədqiqatları Mərkəzinin prezidenti Mariya Bazilyuk, tanınmış şərqşünas Yuri Koçubey, Ukrayna ədəbiyyatının klassiki, “Günəşə sancılmış bıçaq” adlı kitabı bu yaxınlarda Bakıda Azərbaycan dilində nəşr edilmiş İvan Draç və başqaları tədbir iştirakçılarını səmimi salamlamışlar.
Dünya Azərbaycanlıları Konqresinin Ukraynadakı bölməsinin sədri vəzifəsinə bacarıqlı sahibkar, yaxşı təşkilatçı və böyük iş təcrübəsinə malik olan menecer Möhlət Hüseynovun namizədliyi irəli sürülmüşdür. O, yekdilliklə DAK-ın Ukrayna bölməsinin rəhbəri seçilmişdir.
M.Hüseynov həmvətənlərinin ona göstərdiyi yüksək etimada görə səmimi təşəkkürünü bildirərək onları əmin etmişdir ki, Ukraynada yaşayan azərbaycanlıların UAK ilə birgə fəaliyyətdə sıx birləşməsi üçün bütün qüvvə və bacarığını səfərbər edəcəkdir.
Bununla da DAK-ın Ukraynadakı bölməsinin təsis konfransı öz işini başa çatdırmışdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev