SİYASƏT
Dünya Azərbaycanlılarının Həmrəylik Günü Çin Xalq Respublikasında da qeyd olunmuşdur
Pekin, 31 dekabr (AZƏRTAC). Dünya Azərbaycanlılarının Həmrəylik Günü Çin Xalq Respublikasında da qeyd olunmuşdur.
Azərbaycanın Pekindəki səfirliyinin təşkil etdiyi tədbirdə səfir Lətif Qəndilov bu bayramın müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində böyük rol oynadığını bildirmişdir.
Çində yaşayan həmvətənlərimizin, azərbaycanlı tələbələrin iştirak etdikləri tədbirdə bildirilmişdir ki, ümummilli lider Heydər Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birliyinin təmin olunmasını, onların Vətənlə əlaqələrinin möhkəmlənməsini daim diqqətdə saxlamış, bu istiqamətdə əməli işlər görülmüş, dünya azərbaycanlılarının qurultayı keçirilmiş, xaricdə yaşayan soydaşlarımızla bağlı fəaliyyət göstərən Dövlət Komitəsi yaradılmışdır.
Qeyd edilmişdir ki, bu gün hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir soydaşımız doğma Azərbaycan, onun uğurları ilə fəxr edir. Son illər ölkəmizdəki inkişaf və quruculuq işləri, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması xaricdə yaşayan soydaşlarımızın da sevincinə səbəb olur. Hazırda dünyanın müxtəlif ölkələrindəki həmvətənlərimizin yaratdıqları təşkilatlar Azərbaycan hökumətinin də dəstəyi ilə mütəşəkkil və çevik diaspor fəaliyyəti göstərir. Bunlar ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə, Azərbaycan reallıqlarının dünyaya təqdim olunması işinə töhfə verir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin