İQTİSADİYYAT
Dünya Bankı Azərbaycana maliyyə və texniki dəstək göstərməkdə davam edəcək
İndiyədək Dünya Bankı tərəfindən Azərbaycana 51 layihə çərçivəsində 3,6 milyard dollar kredit ayrılıb. Hazırda nəqliyyat, su təchizatı və kanalizasiya, sosial sahələrdə 18 layihə icra olunur. Bank Azərbaycana maliyyə və texniki dəstək göstərməkdə davam edəcək.
Noyabrın 4-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Lora Таkın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə Azərbaycanla bank arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə edilib.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, Şahin Mustafayev beynəlxalq maliyyə institutları ilə birgə həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib, qabaqcıl beynəlxalq təcrübənin, texnologiya və yeniliklərin tətbiq olunduğunu vurğulayıb. Dünya Bankı ilə əməkdaşlığın çoxşaxəli olduğunu qeyd edən nazir hazırda iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması sahəsində işlərin davam etdirildiyini diqqətə çatdırıb.
Ekoloji layihələrin davamı olaraq, Bakı şəhərində göllərin, o cümlədən Böyükşor gölünün təmizlənməsi sahəsində görülən işlər, eləcə də Balaxanı Sənaye Parkı və parkın rezidentləri üçün tətbiq olunan güzəştlər barədə məlumat verən Ş.Mustafayev bu sahədə Dünya Bankı ilə mümkün əməkdaşlıq barədə fikirlərini bildirib.
L.Таk Azərbaycan və Dünya Bankı arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edərək, bu nüfuzlu maliyyə institutunun ölkəmizdə reallaşdırılan layihələrə bundan sonra da maliyyə və texniki dəstək göstərəcəyini diqqətə çatdırıb.
Görüşdən sonra L.Таkın rəhbərlik etdiyi nümayəndə heyəti Bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodlarında olub. Qonaqlara məlumat verilib ki, Bərk məişət tullantılarının yandırılması zavodu istehsal gücünə görə Şərqi Avropada və MDB məkanında ən iri bu tipli müəssisədir. Dördüncü nəsil texnologiyaları əsasında qurulmuş zavod Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərə tam cavab verir.
Dünya Bankının nümayəndələri, həmçinin Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonunun fəaliyyəti, Böyükşor gölünün təmizlənməsi sahəsində görülən işlərə baxıb, layihələri yüksək qiymətləndiriblər.