İQTİSADİYYAT
Dünya Bankı Hesablama Palatası ilə əməkdaşlığın davam etdirilməsində maraqlıdır
Görüşdə Hesablama Palatasının Dünya Bankı ilə əməkdaşlığı çərçivəsində görülmüş işlər və bu istiqamətdə potensial imkanlar barədə fikir mübadiləsi aparılıb.
Palatadan AZƏRTAC-a bildiriblər ki, xanım H. Tahboub DB-nın ölkənin Ali Audit Qurumu (AAQ) olan Hesablama Palatası ilə mövcud əməkdaşlığın davam etdirilməsində və daha da intensivləşdirilməsində maraqlı olduğunu bildirib.
Xanım Tahboub qeyd edib ki, keçirilmiş sonradan baxış (post-review) yoxlamalarında yeni yanaşmanın tətbiq olunması ilə bağlı məsələlər DB-da müzakirə edilməkdədir. Bu yeni yanaşmada məqsəd satınalmanın nəticəlilik, qənaətlilik və səmərəlilik baxımından dəyərləndirilməsidir. DB-nın nümayəndəsi bu istiqamətdə yeni bir təcrübə kimi Hesablama Palatası ilə əməkdaşlıq etməyin müsbət nəticələnəcəyinə inandığını bildirib. Bundan əlavə, diqqətə çatdırılıb ki, Hesablama Palatası ilə DB arasında olan satınalmalar üzrə cari əməkdaşlıq Bankın pilot layihəsi olmaqla dünya üzrə ilk təcrübələrdən biridir.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov həyata keçirilən nəzarət tədbirlərində satınalmaların mövcud qanunvericiliyə uyğunluğu, həmin nəzarət tədbirlərinin nəticələri əsasında təkliflərin verilməsi və satınalma müqavilələri üzrə auditə dair təlimatın hazırlanması məsələlərinə Hesablama Palatasının xüsusi diqqət yetirdiyini vurğulayıb. Qeyd edib ki, məhz bu baxımdan Hesablama Palatası beynəlxalq qabaqcıl təcrübədən faydalanmaq məqsədilə Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) satınalma müqaviləsinin auditi üzrə İşçi Qrupuna üzv olmaq təşəbbüsü ilə çıxış edib. Bu İşçi Qrup qlobal şəkildə qəbul edilmiş satınalma müqaviləsinin auditi üzrə ümumi yanaşma və prosedurları təkmilləşdirmək məqsədi daşıyır və bu sahədə müxtəlif təcrübəyə malik olan AAQ-ların potensialına əsaslanır.
Hesablama Palatasının sədri DB-nın layihələrinin auditi, o cümlədən Bankın satınalma proseduraları üzrə keçirilən yoxlamalar ilə bağlı Palatanın təcrübəsi barədə fikirlərlə bölüşüb və bu növ layihələrdə kənar dövlət auditi funksiyasının tətbiqi üçün potensialın artırılmasına yönələn tədbirlər barədə məlumat verib.
Sonda hər iki tərəf DB ilə Hesablama Palatası arasında kənar dövlət auditinin gücləndirilməsinin zərurəti zəminində yaranmış əməkdaşlıqdan razı olduğunu bildirib və bu münasibətlərin daha da kompleks və sistemli şəkildə inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.