İQTİSADİYYAT
Dünya miqyaslı kimya nəhəngi BASF-in yeni korporativ saytı istifadəyə verilib
Sumqayıt, 3 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı “BASF Kaspian Yapı Kimyasalları sanayi MMC” zavodunun piar-meneceri Könül Tiz AZƏRTAC-a bildirib ki, zavodun basf.com veb-saytının istifadəçiləri BASF konserni haqqında informasiyaya daha yaxşı müraciət imkanı əldə ediblər.
Saytın sadələşdirilmiş naviqasiyası sayəsində istifadəçilər bütün rubrikaları sürətlə nəzərdən keçirə biləcəklər. Yeni dizayn saytın səhifələrinin görkəmini istifadə edilən qurğuların displeylərinin ölçülərinə avtomatik şəkildə “uyğunlaşdırır”.
Yeri gəlmişkən, 2006-cı ilin avqust ayından fəaliyyət göstərən “BASF Kaspian Yapı Kimyasalları sanayi MMC” zavodu BASF-ın Qafqazda və bütün Xəzər regionunda ilk və hələlik yeganə müəssisəsidir.
“Hazırda qlobal BASF veb-saytı dörd versiyada - alman, ingilis, çin və portuqal dillərində işlək vəziyyətdədir. Yeni korporativ veb-saytı işə salmaqla sifarişçilərə, investorlara, jurnalistlərə və müəssisədə vəzifə tutmaq istəyənlərə mükəmməl servis təklif edirik”, - deyən K.Tiz daha sonra əlavə edib: “İndi istifadəçilər harada olmaqlarından və istifadə etdikləri qurğuların tipindən asılı olmayaraq, bütün zəruri informasiyanı əvvəlki ilə müqayisədə qat-qat sürətlə əldə edə biləcəklər”.
Piar-menecer saytın strukturundan söhbət açaraq qeyd edib ki, sayt üç əsas bölmədən ibarətdir: “Şirkət”, “Məhsullar və bazarlar”, “Biz kimya yaradırıq”. Saytın yeni versiyası işə salınmazdan əvvəl BASF konsernində vəzifə tutmaq istəyənlər üçün nəzərdə tutulan səhifələr tamamilə yenilənib. Burada iddiaçılar üçün yeni bir xidmət də təqdim olunur: BASF əməkdaşları ilə “canlı” ünsiyyət. Saytın bu versiyasında smartfonlardan və planşetlərdən baxış rejimini optimallaşdırılıb.
Xatırladaq ki, BASF konserni 150 ildir ki, kimya məhsulları istehsalı ilə məşğuldur. Konsernin Sumqayıtdakı müəssisəsinin təkliflər portfelinə kimyəvi maddələr, beton əlavələri, keramika, qranit və mərmər üçün yapışqanlar, hidroizolyasiya sistemləri, dam və döşəmə üçün poliuretan örtüklər, kənd təsərrüfatı məhsulları, bir sıra başqa məmulatlar daxildir. Bununla bərabər, “BASF Kaspian” səhmdar cəmiyyəti respublikanın tikinti bazarındakı sifarişçilər üçün kimyəvi reseptura və kompozisiyaların aparıcı təchizatçısıdır.