DÜNYA
Dünyanın 48 ölkəsi və bir ərazi vahidi Asiya İnfrastruktur İnvestisiyaları Bankına daxil olacağını bildirib
Tokio, 1 aprel, AZƏRTAC
Dünyanın 48 ölkəsi və bir ərazi vahidi Çin tərəfindən irəli sürülmüş Asiya İnfrastruktur İnvestisiyaları Bankına daxil olmaq istədiklərini bildirib. Həmin ölkələrin üzvlük üçün son gün kimi təyin olunmuş martın 31-dək ərizə ilə müraciət etdikləri bildirilir.
Çin həmin bankı Asiyanın inkişaf etməkdə olan ölkələrində infrastruktur layihələrinin maliyyələşməsi üçün təsis etməyi planlaşdırır.
Bankın idarə olunmasında kifayət qədər şəffaflığın təmin edilmədiyini səbəb kimi göstərən Yaponiya və ABŞ müraciət etməyib. Yaponiyanın xarici işlər naziri Fumio Kişida bildirib ki, onun ölkəsi Çini bankın fəaliyyətində şəffaflığı təmin etməyə çağırıb. Aprelin 1-də parlament komitələrinin birində keçirilən iclas zamanı F.Kişida deyib ki, əgər Yaponiya Çinin bu təklifinə qoşulmağa razılıq versə, bu zaman ona böyük miqdarda investisiya yönəltmək təklif olunacaq. Nazir vurğulayıb ki, Yaponiya bu maliyyə institutuna qoşulmaq üçün risk dərəcəsini müəyyənləşdirməli və bankda idarəetmənin lazımi səviyyədə olacağına əmin olmalıdır.
F.Kişida əlavə edib ki, Yaponiya bankın təsisçisi olacaq Böyük Britaniya, Almaniya və Fransa kimi ölkələrlə informasiya mübadiləsi aparır. Nazir qeyd edib ki, Çinə müvafiq təzyiqi davam etdirmək üçün Yaponiya həmin ölkələrlə əlbir çalışmaq niyyətindədir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio