MƏDƏNİYYƏT
“ECO Heritage” jurnalında Azərbaycan rəssamlıq məktəbi haqqında məqalə dərc olunub
Tehran, 15 aprel, AZƏRTAC
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Mədəniyyət İnstitutunun “ECO Heritage” (“İƏT İrs”) jurnalının 18-ci nömrəsi çapdan çıxıb. Jurnalın bu nömrəsində Azərbaycan incəsənət tarixi nəzəriyyəsi üzrə fəlsəfə doktoru Dilarə Vahabovanın məqaləsi dərc edilib.
Məqalədə Azərbaycanın rəssamlıq məktəbinin formalaşması, miniatür rəssamlıq və incəsənətin bu növünün digər janrları haqqında geniş məlumat verilib. Azərbaycanın görkəmli rəssamları Səttar Bəhlulzadə, Əzim Əzimzadə, Tahir Salahov, Cavad Mircavadov və başqalarının yaradıcılığı barədə maraqlı hadisələrə nəzər salınıb.
Yazıda 21-ci əsrdə Azərbaycan rəssamlıq məktəbinin yeni tendensiyalarından bəhs edən müəllif 2010-cu ildə yaradılmış “YARAT” müasir gənclər emalatxanasının gördüyü işlər barəsində də oxuculara müfəssəl məlumat verib.
Qeyd olunub ki, bu emalatxana kreativ gənclərin yaradıcılığını dəstəkləyir, Azərbaycanda və Avropa ölkələrində onların sərgilərini təşkil edir. Emalatxana istedadlı gəncləri diqqətdən kənarda saxlamayaraq, onlara yaradıcılıqla məşğul olmaq üçün şərait yaradır.
Jurnal rübdə bir dəfə nəşr olunur.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran