İQTİSADİYYAT
Əhali üçün elektron xidmətlər siyahısı müəyyənləşdirilmişdir
Bakı, 4 avqust (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əhaliyə göstəriləcək elektron xidmətlər siyahısını müəyyənləşdirmişdir. Onların sırasında vətəndaşların telefon xətlərinin çəkilməsi üçün müraciət etmək imkanı və ümumi istifadəli telefon şəbəkəsində göstərilən servislərin aktivləşdirilməsi, internet xidmətlərinə qoşulma, telekommunikasiya avadanlığının (informasiya xidməti) sertifikatlaşdırılması, əməliyyatların izlənməsi kimi xidmətlər vardır. Hazırda nazirliyin internet resursunun yenilənməsi üzrə işlər aparılır.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, hazırda vətəndaşların nazirliyə elektron şəkildə (ərizənin doldurulması yolu ilə) müraciət etmək imkanının təmin edilməsi, eləcə də göndərənin ərizənin alınması haqqında bildiriş alması üçün işlər həyata keçirilmişdir. Nazirlik tərəfindən rüsum və digər ödənişlərin elektron şəkildə ödənilməsi imkanı da təmin edilmişdir. Nazirliyin resursu ilə artıq şəhərlərarası və beynəlxalq danışıqlar üçün onlayn ödənişlər, o cümlədən internet xidmətlərin ödənilməsindən istifadə etmək olar. Vətəndaşların internetlə beynəlxalq və şəhərlərarası danışıqlar üçün qəbz alması xidməti də qəbul edilir. Bu xidmətdən indiyədək artıq orta hesabla 7 min nəfər istifadə etmişdir.
Bu işlər Azərbaycan Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli Fərmanına uyğun olaraq həyata keçirilmişdir.