İQTİSADİYYAT
Ekologiya İdarəsi ötən il mütəmadi olaraq monitorinqlər aparmışdır
Bakı, 26 yanvar (AZƏRTAC). Ekologiya İdarəsinin 2011-ci ilin iş proqramına uyğun olaraq, ARDNŞ-in müəssisə və təşkilatlarında neft-qaz hasilatının və emalının təmizləyici sistemlərlə təmin olunması vəziyyəti və qurğuların iş səmərəliliyinin öyrənilməsi məqsədi ilə ekoloji monitorinq həyata keçirilmişdir. “Kompleks Qazma İşləri” Tresti və “SOCAR AQŞ” şirkətinin dənizdə apardığı qazma işləri zamanı ətraf mühitə təsirin öyrənilməsi üzrə də monitorinq aparılmışdır.
Həmçinin “Azneft” İB-nin neft və neft məhsulları, lay suları altında qalımış, müxtəlif dərəcədə çirklənmiş “Abşeronneft” NQÇİ-də, H.Z.Tağıyev adına NQÇİ-nin ikinci mədən ərazisində, Qala gölünün ətrafında, “Balaxanıneft” NQÇİ-nin yeddinci mədən ərazisində - Zabrat gölünün ətrafında, Ə.Əmirov adına NQÇİ-nin ikinci mədən ərazisində, Hövsan kanalı, Zığ gölü ətrafında aparılan rekultivasiya və abadlıq işlərinin gedişatını öyrənmək və görülən işlərin effektivliyinə nəzarət etmək məqsədi ilə mütəmadi ekoloji monitorinqlər aparılmışdır.
Bakı buxtasına daxil olan çirkab su çıxışlarının və eləcə də ARDNŞ-ə məxsus obyektlərdə axarların müəyyənləşdirilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərsu” ASC ilə birgə yoxlamalar aparılmışdır.