İQTİSADİYYAT
Ekspertlər “Əqli mülkiyyət hüquqlarının idarəetmə sisteminin avtomatlaşdırılması” layihəsini qiymətləndiriblər
Bakı, 4 dekabr, AZƏRTAC
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) 2011-2013-cü illərdə icra edilən “Əqli mülkiyyət hüquqlarının idarəetmə sisteminin avtomatlaşdırılması” layihəsini qiymətləndirmək üçün ekspertlərdən ibarət qrup təşkil edib.
KOICA-nın Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, qiymətləndirmənin məqsədi layihənin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişaf Yardımı Komitəsinin meyarlarına uyğunluğunu müəyyənləşdirmək, layihənin hədəflərinə çatıb-çatmadığını və layihəni həyata keçirmiş təşkilatların gələcək layihələr üçün hansı nəticələr hasil etdiyini öyrənməkdir.
Layihənin sonunda edilən qiymətləndirmə çox əhəmiyyətlidir. Bu, KOICA-ya layihənin nailiyyətlərini nəzərdən keçirməyə, həmçinin gələcəkdə digər layihələrin səmərəliliyini artırmağa şərait yaradır.
Qiymətləndirmə qrupu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) rəsmiləri, təlim proqramının iştirakçıları və digər əlaqədar şəxslərlə bir sıra görüşlər keçirib, fikir mübadiləsi aparıb və əməkdaşlığın perspektivlərini müzakirə edib. Ekspertlər layihənin qiymətləndirilməsi zamanı onun aktuallığını, səmərəliliyini, təsirini və davamlılığını yoxlayıblar.
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi arasında 2011-ci ildə bu layihə üzrə qrant razılaşması imzalanıb. KOICA bu layihə üçün 4,2 milyon dollar vəsait ayırıb.
Layihənin məqsədi əqli mülkiyyət hüquqlarının idarə edilməsinin avtomatlaşdırılması, milli məlumat bazasının yaradılması və elektron əqli mülkiyyət hüququ kitabxanasının təkmilləşdirilməsidir. Layihə müddətində KOICA və SMPDK birgə çalışaraq sənədlərin qəbulu prosesi, həmçinin ekspertiza, qeydiyyat və digər idarəetmə proseslərini avtomatlaşdırılmasını həyata keçiriblər. Həmçinin layihə çərçivəsində onlayn patent informasiya sistemi yaradılıb, bu sistemin köməyi ilə fərdi vətəndaşların elektron ərizə hazırlaması, əqli mülkiyyət hüququ üzrə axtarış aparması və onlayn bülletenin dərc edilməsi mümkün olub. Bununla yanaşı, KOICA layihə çərçivəsində SMPDK-nın əməkdaşları üçün təlim proqramı təşkil edib.