ELM VƏ TƏHSİL
Elektron kitabxanalarda fərdi məlumatların təhlükəsizliyi məsələləri araşdırılıb
Bakı, 25 noyabr, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi semınarında “Elektron kitabxanalarda fərdi məlumatların təhlükəsizliyi” mövzusunda məruzə təqdim olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məruzəni institutun proqramçısı Firudin Əsgərov təqdim edib. O qeyd edib ki, hər bir oxucu e-kitabxana xidmətlərindən tam şəkildə istifadə edə bilməsi üçün ad və soyadını, e-poçt ünvanını, telefon nömrəsini və identifikasiya edilə bilən digər fərdi məlumatlarını kitabxanaçıya təqdim etməlidir. Elektron kitabxanalarda və Kitabxana İdarəetmə Sistemində oxucuların konfidensial məlumatlarının hazırlanma forması və bununla bağlı təcrübə nümayiş etdirilir.
Məruzəçi 1986-cı ildə Elektron Kitabxana Mərkəzində “Exlibris” şirkətinin “Alephino” Kitabxana İdarəetmə Sisteminin yaradılmasından və onun müxtəlif inteqrasiya mühitinə fərqli adaptasiya versiyasına malik olmasından, sistemə daxil edilmiş sənədlərin və siyahıların fərdi qaydada formatlaşdırılması kimi üstünlüklərindən bəhs edib.
Sonda məruzə ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.