ELM VƏ TƏHSİL
Elektron mənbələrdən istifadə etməklə riyaziyyat, fizika və informatikadan laboratoriya işlərinin modeli yaradılıb
Bakı, 7 fevral, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 1 saylı şöbəsinin elmi seminarı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Zoom” platforması üzərindən keçirilən seminarda şöbə müdir, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov gündəlikdəki məsələləri diqqətə çatdırıb.
Sonra institutun magistrantı Nərminə Axundova “Python proqramlaşdırma dili vasitəsilə demoqrafik analizlərin aparılması” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bu dilin müxtəlif veb-saytlar və proqram təminatı yaratmaq, əməliyyatları avtomatlaşdırmaq və məlumatların təhlilini aparmaq üçün istifadə olunduğunu diqqətə çatdırıb.
N.Axundova tədqiqat zamanı xaricdə təhsil alan məzunların demoqrafik xarakteristikalarının təhlil olunduğunu, Kaggle bazasından götürülmüş dataset əsasında müxtəlif reyestrdə toplanan məlumatların Python mühitində analiz edildiyini vurğulayıb.
O, həmçinin datasetin analizinin mərhələləri, məzunların fərdi və təhsil məlumatlarının strukturu, müxtəlif reyestrdəki məlumatların FIN vasitəsilə inteqrasiyası haqqında məlumat verib, xaricdə təhsil almış məzunların ixtisas seçimlərinin cinslərə, yaşa görə bölgüsünü təqdim edib.
Tədqiqatçı vahid reyestrə inteqrasiya olunmuş fərdlərin məlumatları əsasında COVID-19 pandemiyası şəraitində demoqrafik xarakteristikaların analizinin aparıldığını qeyd edərək koronavirusa virusuna yoluxmuş şəxslərin vəzifələrinə və cinsinə görə, həmçinin yoluxmamış şəxslərin peyvənd olunmalarına, cinsə və yaş aralıqlarına görə, bu virusdan vəfat etmiş şəxslərin xroniki xəstəliklərinə, yaşa və peyvənd olunmasına görə bölgüsünü diqqətə çatdırıb.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev tədqiqatlar zamanı intellektual analizin aparıldığını, elektron demoqrafiya problemlərinin araşdırıldığını, təcrübi biliklərin əldə olunduğunu bildirib.
Daha sonra dissertant Sevinc Şabanovanın “Müasir informasiya texnologiyalarının tətbiqi ilə şagirdlərin fizika və riyaziyyatdan biliklərinin formalaşdırılmasının səmərəliliyinin yüksəldilməsi yolları” mövzusunda dissertasiya işi müzakirə olunub.
S.Şabanova qeyd edib ki, tədqiqat işində ümumtəhsil məktəblərində riyaziyyat, fizika və informatikanın tədrisində informasiya texnologiyalarından istifadə vərdişlərinin formalaşdırılmasının didaktik sistemi işlənib-hazırlanıb, texniki və təbiət fənlərinin öyrənilməsində təlimin informasiya texnologiyalarının təsnifatı və tipologiyası aparılıb, ilk dəfə müasir proqram paketləri daxil edilərək riyaziyyat, fizika və informatika dərsləri üçün proqram paketlərindən kurikulum tələblərinə uyğun dərs nümunələri, eləcə də elektron mənbələrdən istifadə etməklə riyaziyyat, fizika və informatikadan laboratoriya işlərinin modeli işlənib hazırlanıb.
Akademik R.Əliquliyev bu gün təhsil sistemində tələbələri praqmatik biliklərə hazırlamaq, onlara bu bilikləri aşılamaq və qısa bir müddət ərzində vətəndaşı “texnoloji vətəndaşa” çevirməyin vacibliyindən danışıb. Akademik rəhbərlik etdiyi institutun bu gün ölkəmizdə təhsil sistemində informasiya-kommunikasiya texnologiyaların tətbiqi ilə bağlı biliklərin tədrisi, bu sahədə kadrların hazırlanması, yeni texnoloji biliklərin təhsil mühitinə ötürülməsi və digər istiqamətində görülən işlərə dəstək verməyə hər zaman hazır olduğunu bildirib.