CƏMİYYƏT
Elektron və vizual məlumat bazası layihələrə rəy vermək üçün texniki imkanları daha da yaxşılaşdıracaq
Bakı, 26 fevral, AZƏRTAC
Yaşıllıq sahələrinə nəzarət edilməsi üçün elektron və vizual məlumat bazasının yaradılması yaşıllıqların - ağacların müəyyən olunması üçün bir əsas olacaq. Məlumat bazası həmin əraziyə dair rəy verməli olan mərkəzi icra hakimiyyəti orqanlarına orada ağacların sayı, növü, cinsi barəsində məlumat əldə etməyə imkan yaradacaq.
Bununla yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hər hansı bir layihə təqdim olunarkən nazirliyin mütəxəssisləri həmin məlumat bazası vasitəsilə layihənin icra olunacağı ərazi haqqında məlumat əldə edə biləcəklər. Həmin ərazidə ağacların olub-olmamasını, layihəni təqdim edən şirkətin nazirliyə ekoloji-tarazlıq baxımından yanlış məlumat verib-verməməsini aydınlaşdırmaq mümkün olacaq. Bir sözlə, layihələrə rəy vermək üçün texniki imkanlarımız daha da yaxşılaşacaq.
Bu barədə AZƏRTAC-a nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov məlumat verib.
Nazirliyin nümayəndəsi bildirib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi təqdim olunan layihələri ümumi qiymətləndirir. Yəni, layihənin şəhərsalmaya, estetik, arxitektura baxımından, şəhərin üslubu baxımından uyğunluğuna baxılır. Həmçinin layihədə ekoloji məsələlər göstərilir, yaşıllıqlar və atmosfer havasının dövriyyəsi üçün müəyyən məqamlar nəzərə alınır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə həmin layihəni ekoloji cəhətdən qiymətləndirir. Əgər ekoloji baxımdan hər şey nəzərə alınmayıbsa, nazirliyin mütəxəssisləri iradlarını bildirirlər.