İQTİSADİYYAT
Elektron xidmətlərin göstərilməsi qaydaları və növlərinin siyahısı təsdiq edilmişdir
Bakı, 29 noyabr (AZƏRTAC). Nazirlər Kabinetinin qərarı ilə “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi qaydaları” və “Elektron xidmət növlərinin siyahısı” təsdiq edilmişdir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) AZƏRTAC-a bildirmişlər ki, qaydalar mərkəzi icra hakimiyyəti orqanları tərəfindən fəaliyyətin həyata keçirilməsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və informasiya sistemləri vasitəsilə digər dövlət orqanlarına, fiziki və hüquqi şəxslərə elektron xidmətlər göstərilməsi ilə bağlı məsələləri tənzimləyir.
Qaydaların tətbiqi sahəsi isə mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələrdə göstərilən xidmətləri əhatə edir.
Elektron xidmətlərin təşkili hər bir xidmət üzrə hazırlanmış inzibati reqlamentə uyğun həyata keçirilir, e-xidmətlərin göstərilməsi zamanı isə “Elektron hökumət” dövlət informasiya sistemindən istifadə edilir.
Qaydalarda, həmçinin elektron xidmət istifadəçilərinin hüquqları, təminatçının hüquq və vəzifələri, e-xidmətlər üzrə ödənişlər, reyestrin aparılması, e-xidmətlərin təqdim olunması üsulları, elektron imzadan istifadə, e-xidmətlərlə bağlı məsuliyyət və s. məsələlər də əksini tapmışdır.
Bundan əlavə, qərara əsasən, e-xidmətlər reyestrinin operatoru funksiyaları RİTN-ə həvalə olunmuşdur. Nazirlik bir ay ərzində elektron xidmətlər reyestrini formalaşdırmalıdır. Mərkəzi icra orqanlarına isə iki ay ərzində göstərilən e-xidmətlərin e-xidmətlər reyestrində qeydə alınmasının təmin edilməsi və e-xidmətlərin göstərilməsində iştirak edən əməkdaşların elektron imza ilə təmin edilməsi üçün zəruri tədbirlər görülməsi tapşırılmışdır.