SİYASƏT
ƏLİ HƏSƏNOV: “ATƏT-İN MİNSK QRUPUNUN HƏMSƏDRİ ÖLKƏLƏRİNİN SƏYLƏRİ ƏVVƏLKİ İLLƏRLƏ MÜQAYİSƏDƏ ÇOX GÜCLƏNMİŞDİR”
Bakı, 22 yanvar (AZƏRTAC). “Biz həmişə ümid edirik ki, hər bir görüş müsbət və nikbin sonluqla bitəcəkdir. Erməni tərəfi, nəhayət özünün qeyri-konstruktiv mövqeyindən geri çəkiləcəkdir”.
Bu fikirləri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan və Ermənistan prezidentlərinin yaxın günlərdə keçiriləcək görüşü ilə bağlı məsələni şərh edərkən bildirmişdir.
Ə.Həsənov problemin həlli yollarının tapılacağına və bu prosesdə inkişafın müşahidə olunacağına ümid etdiyini bildirərək demişdir: “Bizim gözləntilərimiz məsələnin tam həlli demək deyildir. Qarşı tərəfin öz mövqeyi, dünya ictimaiyyətinin də məsələyə münasibəti vardır. Hər halda biz bu görüşdən müəyyən müsbət nəticələr gözləyirik”.
Əli Həsənov son iki ildə ATƏT-in Minsk qrupunun həmsədri ölkələrinin səylərinin əvvəlki illərlə müqayisədə artdığını da vurğulamışdır: “Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylər olsa da, hələlik Ermənistana ciddi təzyiq müşahidə edilmir. Təzyiq olmadan isə Ermənistanı və onun bugünkü danışıqlarda iştirak edən rəhbərliyini qeyri-konstruktiv mövqedən daşındırmaq bir qədər çətindir”.
Bunun bir sıra səbəblərlə bağlılığını qeyd edən Əli Həsənov, həmin prosesdə dünya ictimaiyyətinin də öz maraqlarının olduğunu söyləmişdir.