İQTİSADİYYAT
Elin Zalov: “Məqsədimiz yaxın vaxtlarda ən məşhur meyvə şirələri istehsalçılarının siyahısına daxil olmaqdır”
Bakı, 24 may (AZƏRTAC). “WorldFood Azerbaijan-2013” sərgisində Azərbaycanın ən iri çoxprofilli holdinqini təqdim etməklə yanaşı, biz həm də “Gilan” Qəbələ Konserv Zavodunun məşhur məhsullarını böyük qürur hissi ilə nümayiş etdiririk. Belə ki, həmvətənlərimizin bəyəndiyi “Jalə” şirələri, meyvə konservləri və özünəməxsus dadı olan nadir su məhz bizim zavodda istehsal olunur.
Bakıda keçirilən XIX Azərbaycan Beynəlxalq qida sənayesi sərgisinin (“WorldFood Azerbaijan-2013”) iştirakçısı olan “Qəbələ Konserv Zavodu” (“Gilan Holding”) ASC-nin ixrac üzrə direktoru Elin Zalov AZƏRTAC-a bildirmişdir ki, meyvə emalı üzrə ən güclü müəssisə olan bu zavod gənc olmasına baxmayaraq, Azərbaycan bazarında liderə çevrilmişdir. On iki hektarlıq torpaq sahəsində yerləşən zavodumuz öz istehsal gücünə və avadanlıq texnologiyasına görə Qafqazda analoqu olmayan yeganə zavoddur. İstehsal müəssisəsi ən müasir avadanlıqlarla təchiz edilmişdir. Zavodda Türkiyə və Rusiyadan dəvət olunmuş mütəxəssislər işləyir və onlar avadanlıqların istismarı və yerli kadrların hazırlanması proseslərində iştirak edirlər. Bu gün təbii şirələr, müxtəlif mürəbbə və cemlər, turşular, habelə yarım-fabrikat halında olan konsentratlar və pürelər artıq Azərbaycanın hüdudlarından kənarda da satılır. Zavod Rusiya, Ukrayna, Belarus, Amerika və Avropa ölkələrinin sifarişlərini yerinə yetirən müasir bazaya çevrilmişdir.
Bizim minlərlə həmvətənimiz sifarişlərin yerinə yetirilməsi üçün lazım olan meyvə və tərəvəzlərin becərilməsi ilə məşğul olur ki, bu da Azərbaycanın kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Zavodda “TetraPak” istehsal xətti quraşdırılmışdır. Zavodun bütün avadanlıqları isə İtaliya və İsveçrə istehsalıdır. Bizim məqsədimiz yaxın vaxtlarda ən məşhur meyvə şirələri istehsalçılarının siyahısına daxil olmaqdır. Əminik ki, ölkəmiz dünya bazarında da liderə çevriləcək və istehlakçıları yüksək keyfiyyətli məhsullarla təmin etmək, dünya bazarında Azərbaycan məhsullarının populyarlığını artırmaq kimi əsas iqtisadi məqsədə nail olacaqdır. Bu işdə bizə irimiqyaslı təbliğat aksiyaları üçün zəmin yaradan, marketinq tədqiqatlarının həyata keçirilməsində aktual vasitə olan və çoxsaylı xarici həmkarlarla görüşmək üçün böyük stimul verən ənənəvi “WorldFood Azerbaijan” sərgiləri kömək edir. Biz nailiyyətlərimizi minlərlə ziyarətçiyə sərfəli şəkildə nümayiş etdirməyə imkan verən bu tədbirin təşkilindən razıyıq.