MƏDƏNİYYƏT
“Əlişir Nəvainin yaradıcılığı türk ədəbiyyatın zirvəsidir” adlı videokonfrans keçirilib
Daşkənd, 11 fevral, АZƏRTAC
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin (ÖADC) birgə təşkilatçılığı ilə görkəmli özbək şairi, dövlət xadimi Əlişir Nəvainin doğum gününə həsr olunmuş “Əlişir Nəvainin yaradıcılığı türk ədəbiyyatının zirvəsidir” adlı onlayn videokonfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, videokonfransda AMM-nin, ÖADC nümayəndələri, Özbəkistan Yazıçılar İttifaqının üzvləri, bu ölkənin Elmlər Akademiyası və AMEA-nın elmi-tədqiqat institutlarının Nəvaişünas alimləri, habelə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professor-müəllim və tələbə heyəti iştirak ediblər.
Konfransın moderatoru ÖADC-nin icraçı direktoru, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov türk xalqları arasında mədəni-mənəvi əlaqələrin möhkəmləndirilməsində Əlişir Nəvainin rolu haqqında söhbət açıb. Nəvai yaradıcılığının bu günədək qardaş Özbəkistan və Azərbaycan xalqları arasında dostluq körpüsü rolunu oynadığını vurğulayıb.
AMM-nin direktoru Samir Abbasov ölkəmizdə Nəvai yaradıcılığına, şairin əsərlərinə böyük maraq olduğunu qeyd edib. O vurğulayıb ki, Əlişir Nəvai Nizami Gəncəvini öz ustadı, ilhamvericisi hesab edib, Nizaminin “Xəmsə”sini “Beş xəzinə” adlandırıb, öz yazdığı “Xəmsə”dəki hər poemanın başlanğıcında Nizamiyə hörmət və məhəbbətini bildirib.
S.Abbasov Mədəniyyət Mərkəzinin layihəsi ilə 2021-ci ildə Özbəkistanda iki dahi şairə həsr olunmuş “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri”nin keçirildiyini, bu tədbirlərin böyük maraqla qarşılandığını bildirib. Tədbirlər çərçivəsində ilk dəfə olaraq azərbaycanlı professor Ramiz Əskər tərəfindən Əlişir Nəvainin “Xəmsə”si Azərbaycan dilinə tərcümə edilərək çap olunub. Mərkəzin layihəsi əsasında “Nəvai hikmətləri” və “Əlişir Nəvainin beş risaləsi” kitabları Azərbaycan dilinə tərcümə edilərək Bakıda nəşr olunub.
Tədbirdə Özbəkistan Yazıçılar İttifaqı sədrinin müavini, şair Qayrat Majidin, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskərin, AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun professoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elman Quliyevin, Özbəkistan Elmlər Akademiyası Dil, Ədəbiyyat, Folklor İnstitutunun dosenti Gülnaz Sattarovanın məruzələri dinlənilib. Qeyd olunub ki, Əlişir Nəvai özbək ədəbi dilinin banisi, türk dünyası şairlərinin ilham mənbəyi və özündən sonra nəhəng ədəbi-fəlsəfi irs qoyub gedən dahi mütəfəkkirdir.
Şair və publisist Əkbər Qoşalı, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin dosenti, universitetdə Məhəmməd Füzuli adına Azərbaycan Mərkəzinin rəhbəri Gülbahor Aşurova, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə şairin yaradıcılığını təhlil ediblər.
Tədbirdə Əlişir Nəvainin həyat və yaradıcılığına həsr olunmuş videomaterial nümayiş edilib, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin tələbələri Əlişir Nəvaiyə həsr olunmuş şeirlər söyləyib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd