DÜNYA
Əlləri və ayaqları olmayan fransalı üzgüçü dövri-aləm səyahətini başa vurmuşdur
Bakı, 18 avqust (AZƏRTAC). Şənbə günü Fransanın RTL kanalı xəbər vermişdir ki, 16 il bundan əvvəl əlləri və ayaqları amputasiya olunmuş fransalı üzgüçü Filipp Kruazon Amerikanın Kiçik Diomid adasından onun Rusiyadakı “adaşı” Böyük Diomid adasınadək üzmüşdür.
Xatırladırıq ki, bədbəxt hadisə nəticəsində ətraflarını itirmiş fransız may ayında Papua-Yeni Qvineyadan İndoneziyaya üzmüşdü. O, Papua-Yeni Qvineyadakı Vutunq kəndindən İndoneziyadakı Pasar Skouyadək təqribən 20 kilometr məsafə qət etmişdir. O, yeddi saat yarım üzmüşdür. İgid fransızı onun uzaq məsafələrə üzən həmyerlisi Arno Şasseri və Zet Tampa adlı papua-yeniqvineyalı üzgüçü müşayiət etmişlər.
1994-cü ildə Filipp Kruazonu elektrik cərəyanı vurmuş və bundan sonra onun ayaqlarını və qollarını dirsəkdən amputasiya etmişlər. Beş il bundan əvvəl o, üzməyi öyrənmişdir: Filipp qısa ayaq protezlərindən, lastlardan, xüsusi sualtı qurğudan və tarazlığını saxlamaq üçün qollarının salamat qalmış hissələrindən istifadə edərək yeni metod kəşf etmişdir. 2010-cu ilin sentyabrında o, La-Manşı üzüb keçmişdir.